Maraqlı Özəl

Amerikalı qadın xanımlara səhvlərdən qaçmaq üçün 7 məsləhət verdi

Amerikalı qadın xanımlara səhvlərdən qaçmaq üçün 7 məsləhət verdi

10 il əvvəl amerikalı Eşlin Osvalt həyatını köklü şəkildə dəyişmək qərarına gəlib. Xəyallarındakı kişi ilə tanış olduqdan sonra o, doğma Çikaqonu tərk edərək Yeni Zelandiyaya köçüb. Bu gün qadın bu addımına görə peşman olmadığını desə də, geriyə qayıda bilsəydi, bir çox şeyi fərqli edəcəyini bildirir.

Demokrat.az xəbər verir ki, "Business Insider" üçün yazdığı köşə yazısında o, başqa ölkəyə köçməyi planlaşdıran qadınlar üçün yeddi məsləhət paylaşıb.

1. Köçdən əvvəl yeni yaşayış yerini öyrənmək

Eşlin etiraf edir ki, Yeni Zelandiya haqqında köçməzdən əvvəl demək olar heç nə bilmirmiş. O, qəsdən araşdırma aparmaqdan çəkinib, çünki şübhə yarada biləcək məlumatlar tapmaqdan qorxub.

Lakin köçdən sonra bu yanaşma onun əleyhinə işləyib. O, özünü yeni mühitdə çaşqın və yad hiss edib. İndi isə hesab edir ki, köç bir səyahət kimi planlaşdırılmalı, şəhər, mədəniyyət və yerli xüsusiyyətlər əvvəlcədən öyrənilməlidir.

2. Adaptasiya üçün vaxt vermək

Yeni Zelandiyaya çatdıqdan sonra o, dərhal gündəlik həyata daxil olub. Partnyoru ilə birlikdə işləyib, avtomobil alıb və məişətini qurmağa başlayıb.

Nəticədə macəra hissi yaranmadan tezliklə rutin həyat başlayıb. Eşlin hesab edir ki, ən azı bir neçə gün və ya həftə yeni ölkəni tanımaq və ətrafı kəşf etmək üçün ayrılmalı idi.

3. İş olsa belə peşəkar əlaqələr qurmaq

Köç zamanı o, ABŞ şirkətində uzaqdan işlədiyi üçün Yeni Zelandiyada əlaqələr qurmağa ehtiyac görməyib.

Bir il sonra iş dəyişməli olduqda isə yerli əmək bazarını tanımadığını və demək olar ki, peşəkar tanışlarının olmadığını anlayıb. Buna görə də o, ilk gündən peşəkar tədbirlərdə iştirak etməyi və şəbəkə qurmağı tövsiyə edir.

4. Öz dost çevrəsini yaratmaq

Başlanğıcda o, əsasən partnyorunun dostlarına güvənib. Bu, uyğunlaşmanı asanlaşdırsa da, sonradan şəxsi dost çevrəsinin vacibliyini anlayıb. O, bunun üçün maraq klublarına, idman komandalarına və sosial qruplara qoşulmağı məsləhət görür.

5. Əyani dərslərə yazılmaq

Köçdən sonra qadının evdən çıxmaq üçün çox səbəbi olmayıb. İndi isə o hesab edir ki, kurslar, yaradıcılıq məşğələləri və ya idman məşqləri adaptasiyanı xeyli asanlaşdırardı. Bu fəaliyyətlər həm bacarıq qazandırır, həm də yeni insanlarla tanışlıq imkanı yaradır.

6. Yeni ölkəyə aid simvolik şeyləri sınamaq

Yeni Zelandiya üçün bu simvol reqbi sayılır. Eşlin əvvəlcə bu idman növü haqqında az bilsə də, daha sonra matçlara gedib yerli azarkeşlərlə birlikdə dəstək göstərməyə başlayıb.

Onun sözlərinə görə, belə mədəni təcrübələr ölkəni daha yaxşı anlamağa və cəmiyyətə daha tez inteqrasiya olunmağa kömək edir.

7. Vətən həsrətindən utanmamaq

Onun üçün ən vacib dərs doğma ölkəyə həsrətin normal olduğunu qəbul etmək olub. Uzun müddət bu hisslərini gizlətməyə çalışıb, xüsusilə bayram günlərində ailəsini görə bilmədiyi üçün çətinlik çəkib. Sonradan anlaşıb ki, həsrət yeni həyatdan narazılıq demək deyil.

Onun fikrincə, insan həm yeni ölkədə xoşbəxt ola, həm də doğulduğu yeri darıxa bilər.

Bu gün Eşlin Yeni Zelandiyada yaşayır, karyera qurub, dostlar tapıb və ailə yaradıb. O, köçündən peşman deyil, lakin bu yeddi məsləhətin ilk illəri daha asan edə biləcəyini düşünür.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova