Maraqlı Özəl

Toyuğun şirəli və yumşaq olması üçün necə marinad etmək olar?

Toyuğun şirəli və yumşaq olması üçün necə marinad etmək olar?

Toyuq əti zülal baxımından ideal seçim sayılır və tez, asan hazırlanması ilə həm böyüklərin, həm də uşaqların sevimlisidir. Lakin bəzən toyuq ətinin quru, sərt və ya dadsız alınması mümkündür.

Demokrat.az “Allrecipes”ə istinadən xəbər verir ki, marinadlama əslində şirəli və ətirli toyuğun əsas sirridir.

Müxtəlif marinad variantları mövcuddur: sadə duzlu məhluldan tutmuş sitrus və soya əsaslı qarışıqlara qədər. Lakin bunların hamısını üstələyən və toyuğa xüsusi dad verən bir əsas inqrediyent var — yoqurt.

“Bu sadəcə ehtimal deyil. Bu məsləhət elmə və təcrübəyə əsaslanır. Hamımız bilirik ki, turşu ətin yumşalmasına kömək edir — buna görə də əksər marinadlarda sirkə, sitrus meyvələri və ya süd məhsulları olur. Yoğurt və ayran sirkə və sitrusdan fərqli olaraq süd turşusu ehtiva edir. Bu turşu daha yumşaq təsir göstərir və toyuq zülallarını çox tez parçalamır. Buna görə sitrus və sirkə marinadlarında adətən 8 saatdan artıq saxlamaq məsləhət görülmür. Çünki zamanla əzələ lifləri turşunun təsiri ilə dağılmağa başlayır”, deyə materialda qeyd olunur.

Süd turşusu olan yoqurt isə fərqli təsir göstərir. Bu, toyuğun daha uzun müddət marinadlanmasına imkan verir və nəticədə bişdikdən sonra daha şirəli olur. Molekulyar bioloq və müəllif Nik Şarma apardığı araşdırmada göstərib ki, süd turşusu ətin daha çox su udmasına və bişirmə zamanı həmin suyu saxlamasına kömək edir.

Bu isə daha şirəli, hətta adi marinadlara nisbətən daha yumşaq toyuq əti deməkdir.

Toyuğu yoqurtda necə marinad etmək olar?

Yaxın Şərq və Aralıq dənizi mətbəxində bu üsul əsrlərdir istifadə olunur. Əgər bu praktika ilə tanış deyilsinizsə, proses çox sadədir.

“Əvvəlcə marinadı hazırlayın. Bunun üçün yalnız iki inqrediyent kifayətdir: adi yoqurt və duz. İstəyə görə limon, ədviyyatlar, sarımsaq və ya çili əlavə etmək olar, lakin bu mütləq deyil. Marinad toyuğu tam örtməlidir. Yarım stəkan yoqurt üçün ən azı yarım çay qaşığı duz istifadə olunmalıdır. Bütöv toyuq üçün təxminən iki stəkan yoqurt lazımdır”, deyə materialda bildirilir.

Daha sonra toyuq əlavə edilir və qarışdırılaraq hər tərəfin örtülməsi təmin olunur. Soyuducuda ən azı 1 saat saxlanılır.

“İdeal nəticə üçün ən azı 8 saat (bir gecə) marinadlama tövsiyə olunur. Bişirməyə hazır olduqda toyuğu marinaddan çıxarıb artıq mayenin axmasına imkan verin. Qril və ya soba qabını yağlayın və bişirməyə başlayın”, deyə “Allrecipes” əlavə edir.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova