Kriminal Özəl

Bacılar arasında anaya görə dava düşdü — Məhkəmə

Bacılar arasında anaya görə dava düşdü — Məhkəmə

Sumqayıt şəhərində 45 yaşlı kişi bacısına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Yaşıldərə bağlar massivi ərazisində baş verib. 1981-ci il təvəllüdlü Elsevər həmin ərazidə fərdi yaşayış evində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı bacısı Günayın (adlar şərtidir – red.) sifətinin sol tərəfindən və dodaq nahiyyələrindən əl zərbəsi ilə vuraraq, ona xəsarətlər yetirib.

İş üzrə izahat verən Elsevər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anasını gətirmək üçün bacısı Günayın yaşadığı Yaşıldərə bağlar massivində yerləşən evinə gedib:

“Orada anamı gətirmək istəsəm də, anam mənimlə gəlmək istəmədi, bacımın evində qalacağını dedi. Bacım da mənə anamı aparmağıma icazə verməyəcəyini, öləndə də anamı özünün götürəcəyini dedi. Buna görə də aramızda mübahisə yarandı. Mübahisə zamanı əlim ilə bacımın sifət nahiyyəsindən bir dəfə vurdum”.

Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərib ki, törtədiyi əməlindən peşmandır, bacısı ilə aralarında barışıq olub, ona vurulmuş ziyanı ödəyib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova