Sosial

Bu sənəd yoxdursa, haqqınızı itirə bilərsiniz

Bu sənəd yoxdursa, haqqınızı itirə bilərsiniz

Beynəlxalq yük daşımaları zamanı malların zədələnməsi və ya tamamilə məhv olması tez-tez məhkəmə mübahisələrinə səbəb olur. Belə vəziyyətlərdə zərərin kim tərəfindən ödəniləcəyini müəyyən etmək üçün ilk növbədə iki əsas suala cavab tapılmalıdır: Yükü rəsmən göndərən kimdir və daşıyıcı statusunu kim daşıyır?

Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi son qərarlardan biri bu məsələyə hüquqi baxımdan aydınlıq gətirir və sahibkarlar üçün mühüm xəbərdarlıq xarakteri daşıyır.

Məhkəməyə çıxarılan konkret hadisənin mahiyyəti kifayət qədər sadədir. Sahibkar yerli şirkətlərdən birinin sürücüsü ilə şifahi qaydada razılaşaraq Rusiyaya xurma göndərmək istəyib. Lakin yolda baş verən qəza nəticəsində bütün məhsul yararsız hala düşüb. Zərərə düşən sahibkar məhsulun pulunu daşımasına razı olduğu şirkətdən tələb edib. Məsələnin qəliz tərəfi isə odur ki, rəsmi sənədlərdə – həm gömrük bəyannaməsində, həm də beynəlxalq yük qaiməsində (CMR) yükü göndərən şəxs qismində tamam başqa bir adamın adı qeyd olunub. Şifahi razılaşma ilə rəsmi kağızlar arasındakı bu ziddiyyət işin məhkəməyə qədər uzanmasına səbəb olub.

Ali Məhkəmə işə baxarkən biznes münasibətlərinin xüsusi qaydalarına diqqət çəkib. Bildirilib ki, kommersiya fəaliyyəti yüksək risk və gəlir məqsədi daşıdığı üçün burada sübutetmə tələbləri daha sərtdir. Biznesdə "yazılı sübutların üstünlüyü" prinsipi işləyir. Yəni, şifahi sözlər deyil, tərəflərin imzaladığı rəsmi müqavilələr və daşıma qaimələri əsas götürülür. Qanunvericiliyə görə, beynəlxalq qaimə əksini sübut edən ciddi bir fakt olmadıqca, müqavilənin varlığını, yükün təhvil alındığını, göndərənin və daşıyıcının kimliyini təsdiqləyən ən mötəbər sənəddir.

Mülki Məcəllənin qaydalarına görə, qaimədə və gömrük sənədlərində adı yazılan şəxs hüquqi olaraq yük göndərən sayılır. Çünki malları gömrükdə bəyan edən, ölkədən çıxaran və qarşılığında ölkəyə valyuta gətirməli olan şəxs məhz sənədlərdə qeyd olunan tərəfdir. Sözügedən hadisədə iddiaçı real sahib olduğunu desə də, alqı-satqı müqaviləsində və daşıma sənədlərində satıcı kimi başqa şəxs görünüb. Məhkəmə vurğulayıb ki, sənəddə adı keçən həmin üçüncü şəxs prosesə cəlb olunmadan, onunla real sahib arasındakı münasibətlərin hüquqi mahiyyəti (məsələn, nümayəndəlik və ya vasitəçilik olub-olmaması) araşdırılmadan, sadəcə şifahi izahatlara inanaraq sənədləri kənara qoymaq olmaz. Qanun konkret sübut növü tələb edirsə, onu şifahi sözlərlə əvəzləmək mülki prosesual normalara ziddir. Daşıyıcı şirkətin məsuliyyəti məsələsində də eyni prinsip tətbiq olunub. Ali Məhkəmə qeyd edib ki, sənəddə yazılan daşıyıcının statusunu sadəcə "şifahi adətlər" və ya "əvvəlki işgüzar təcrübə" ehtimalları ilə rədd etmək olmaz. Tərəflər arasında fərqli bir işgüzar praktikanın olduğunu iddia etmək üçün bununla bağlı ortada heç bir şübhə doğurmayan mötəbər sübutlar olmalıdır. Yalnız sənədləşdirilmiş real davranışlar zəminində formalaşmış təcrübə mövcud olduqda məhkəmə bunu nəzərə ala bilər. Ortada belə bir sübut olmadıqda isə əsas meyar yenə də rəsmi daşıma sənədləridir.

Yekun nəticə olaraq, Ali Məhkəmə bəyan edib ki, beynəlxalq daşımalar zamanı yaranan mübahisələrdə kimin məsuliyyət daşıdığı yalnız rəsmi daşıma sənədləri əsasında yoxlanılmalıdır.

Bu qərar sahibkarlar üçün ciddi dərsdir: beynəlxalq ticarətdə şifahi razılaşmalara güvənmək, sənədlərdə başqalarının adından istifadə etmək və ya kağız üzərindəki məlumatlara laqeyd yanaşmaq gələcəkdə vurulan ziyanın ödənilməsini qeyri-mümkün edə bilər. Hüquqların qorunmasının yeganə və ən etibarlı yolu şəffaf və düzgün sənədləşdirmədir.

Demokrat.az

NE
Nihadə Eyyubova