Bakının Nəsimi rayonu 4-cü mikrorayon ərazisində ata və oğlunun ölümü ilə nəticələnən faciənin təfərrüatları məlum olub. 20 Yanvar küçəsindəki mənzillərin birində baş verən hadisəyə hamamdakı su qızdırıcısından yaranan qaz sızmasının səbəb olduğu dəqiqləşib.
Demokrat.az xəbər verir ki, iyunun 7-nə keçən gecə ərazidə suyun verilməsində qısamüddətli fasilə yarandığı üçün ev sahibləri hamamda suyu açıq qoyublar. Su bərpa olunarkən qızdırıcı işə düşüb, lakin kəsintilər səbəbindən cihazdan qaz sızaraq evə dolub. Allergiyası olduğu üçün pəncərələri bağlı saxlayan Avropa Azərbaycan Məktəbinin müəllimi Əbülfəz Abıyev və onun yaxınlıqdakı otaqda yatan 13 yaşlı oğlu, 247 saylı məktəbin 7-ci sinif şagirdi Kamran Abıyev zəhərlənərək həyatını itirib. Digər otaqda olan böyük oğul Nurlan və ailənin digər üzvləri huşsuz halda tapılıb.
Hazırda Nəsimi Rayon Prokurorluğunda araşdırmalar davam edir.(qafqazinfo)
Demokrat.az


