Media Özəl

Dünya liderlərinin diqqəti yenidən Bakıya yönəldi

Dünya liderlərinin diqqəti yenidən Bakıya yönəldi

İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib. Müxtəlif ölkələrdən dövlət rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və enerji şirkətlərinin rəhbərlərinin iştirak etdiyi tədbirdə enerji təhlükəsizliyi, dayanıqlı inkişaf, investisiya imkanları və qlobal əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Son illərdə Azərbaycan iqtisadi, siyasi və sosial sahələrdə əldə etdiyi uğurlarla regionun aparıcı dövlətlərindən birinə çevrilib. Həyata keçirilən islahatlar nəticəsində ölkədə əlverişli biznes və investisiya mühiti formalaşıb, strateji infrastruktur layihələri reallaşdırılıb, sosial rifah göstəriciləri yaxşılaşıb. Azərbaycanın enerji resurslarından əldə etdiyi gəlirlərin səmərəli idarə olunması, qeyri-neft sektorunun inkişafına yönələn siyasət və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ölkənin davamlı inkişaf modelinin əsasını təşkil edir. Bakı Enerji Həftəsinin açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın enerji sahəsində qazandığı nailiyyətlərə, ölkənin beynəlxalq tərəfdaşlarla əməkdaşlığına və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrə diqqət çəkib. Dövlət başçısı bildirib ki, Azərbaycan uzun illər ərzində etibarlı tərəfdaş kimi özünü təsdiqləyib və bu gün enerji sahəsində həyata keçirilən layihələr bir çox ölkələrin enerji təminatında mühüm rol oynayır.

Dünya liderlərinin diqqəti yenidən Bakıya yönəldi

Millət vəkili Tahir Rzayev Demokrat.az-a açıqlamasında deyib ki, Bakı Enerji Həftəsinin belə yüksək səviyyədə keçirilməsi və burada bir çox tanınmış ictimai-siyasi xadimlərin iştirakı, eləcə də nüfuzlu liderlərin bu tədbiri müsbət qiymətləndirərək təbrik məktubları göndərməsi onun beynəlxalq miqyasda böyük nüfuza malik olduğunu göstərir:

“Çünki Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlət kimi tanınır və dövlətimizin həyata keçirdiyi enerji diplomatiyası artıq beynəlxalq aləmdə öz nəticələrini göstərməkdədir. Bu gün Avropa ölkələri, eləcə də dünyanın bir çox dövlətləri Azərbaycanla əməkdaşlığa böyük önəm verir və xüsusilə enerji sahəsində münasibətlərin inkişaf etdirilməsi daim diqqət mərkəzindədir. Azərbaycanın enerji tərəfdaşlarının sayı ildən-ilə artır. Hazırda ondan çox Avropa ölkəsi Azərbaycan enerjisi ilə təmin olunur və bu coğrafiya getdikcə genişlənir. Belə bir həftənin keçirilməsi əldə olunan nailiyyətlərin təşviqi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi, gələcək perspektivlərin hazırlanaraq həyata keçirilməsi baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda tərəfdaşlığın genişləndirilməsi ölkəyə yeni investorların cəlb olunmasına imkan yaradır. Bu da iqtisadi inkişafın təmin edilməsi üçün vacib amillərdəndir”.

Dünya liderlərinin diqqəti yenidən Bakıya yönəldi

O bildirib ki, dövlət başçısı təkcə enerji əməkdaşlığı sahəsində deyil, ümumilikdə bütün istiqamətlər üzrə beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əlaqələrin genişləndirilməsində maraqlıdır:

“Bu istiqamətdə qətiyyətli siyasət həyata keçirilir. Prezident tədbirin yüksək səviyyədə təşkil olunmasının və burada müzakirə edilən məsələlərin geniş şəkildə təqdim edilməsinin Azərbaycanın tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, belə tədbirlərin keçirilməsi ölkənin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir. Dünyanın aparıcı dövlətlərinin siyasi liderlərinin və iri şirkətlərinin Bakı Enerji Həftəsinə böyük maraq göstərməsi də tədbirin əhəmiyyətini və dəyərini daha da artırır. Bu isə Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə, Bakı Enerji Həftəsinin keçirilməsi uğurlu qiymətləndirilir və sözsüz ki, əldə olunan nəticələr qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə, eləcə də gələcək perspektivlərin reallaşdırılmasına öz töhfəsini verəcəkdir”.

Politoloq Tural İsmayılov qeyd edib ki, Bakı Enerji Həftəsinin tarixi transformasiya keçərək qlobal enerji arxitekturasının formalaşdırıldığı mərkəzi platformalardan birinə çevrilməsi Azərbaycanın çoxvektorlu və proaktiv enerji diplomatiyasının ən böyük triumfudur:

Dünya liderlərinin diqqəti yenidən Bakıya yönəldi

“Vaxtilə regional xarakter daşıyan sərginin bu gün dünyanın aparıcı siyasi liderlərinin diqqət mərkəzində olması və onların xüsusi məktublarla tədbirə dəstək nümayiş etdirməsi rəsmi Bakının beynəlxalq münasibətlər sistemində sıradan resurs ixracatçısı deyil, strateji qərarlar qəbul edən fundamental aktor olduğunu təsdiqləyir. Müasir geosiyasi kataklizmlər və qlobal enerji böhranı fonunda Azərbaycanın beynəlxalq mövqeyi bu platforma sayəsində daha da sarsılmaz xarakter alır. Dünya liderlərinin bu tədbirə göstərdiyi yüksək etimad Azərbaycanın etibarlı, proqnozlaşdırıla bilən və müstəqil xarici siyasət yürüdən tərəfdaş imicini qlobal miqyasda kapitallaşdırır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatçısı və Şərqlə Qərb arasında yeganə təhlükəsiz geostrateji dəhliz statusunu möhkəmləndirməklə, qlobal güclərin maraqlarının kəsişdiyi deyil, balanslaşdırıldığı unikal bir məkana çevrilmişdir. Bu isə Azərbaycanın beynəlxalq arenada siyasi manevr imkanlarını genişləndirir və dövlətin milli maraqlarının müdafiəsini ən yüksək səviyyədə təmin edir”.

O diqqətə çatdırıb ki, investisiya mühiti və tərəfdaşlıqların genişlənməsi kontekstində Bakı Enerji Həftəsi sadəcə müzakirə paneli deyil, qlobal kapitalın Azərbaycana axınını sürətləndirən güclü bir katalizatordur:

“Ölkəmizin ənənəvi karbohidrogen layihələrindən yaşıl enerji ekosisteminə keçid etdiyi hazırkı mərhələdə, bu platforma dünyanın nəhəng energetika şirkətlərinin yeni investisiya öhdəlikləri götürməsi üçün unikal hüquqi və iqtisadi zəmin yaradır. Xüsusilə Xəzər dənizinin nəhəng bərpa olunan enerji potensialının reallaşdırılması, "yaşıl hidrogen" və yaşıl enerji dəhlizlərinin qurulması istiqamətində imzalanan sazişlər bu tədbirin birbaşa praktiki nəticəsidir. Beləliklə, Bakı Enerji Həftəsi Azərbaycanın iqtisadiyyatını şaxələndirməklə yanaşı, ölkəni qlobal "yaşıl keçid" prosesinin regional liderinə çevirir və gələcəyin iqtisadi modelinin əsasını bu gündən qoyur”.

Leyla Turan Demokrat.az

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqamətində hazırlanıb.

NE
Nihadə Eyyubova