Kriminal Özəl

Döyülən şəxsin qərarı məhkəmə hökmünü dəyişdi

Döyülən şəxsin qərarı məhkəmə hökmünü dəyişdi

Bakının Qaradağ rayonunda 32 yaşlı kişi tanışına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 2-də rayonun Lökbatan qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Əli həmin gün saat 15:00-da Lökbatan qəsəbəsi, 1-ci massiv, nömrəsiz evin qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla və əl zərbələri ilə tanışı Aqşinin (adlar şərtidir – red.) sifət, baş, həmçinin bədəninin müxtəlif nahiyələrinə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə ifadələrindən məlum olub ki, təqsirləndirilən şəxs ilə zərərçəkmiş arasında barışıq olub. Zərərçəkən də şikayətini geri götürüb.

Bu səbəbdən məhkəmə hökm çıxaran zaman bu halları nəzərə alıb. Qaradağ Rayon Məhkəməsinin hökm ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova