Maraqlı Özəl

Sevgi öz-özünə gələcək: "İkinci yarınızı" necə tapa bilərsiniz?

Sevgi öz-özünə gələcək: İkinci yarınızı necə tapa bilərsiniz?

Əsl sevgi onu passiv şəkildə gözləyənlərin həyatına gəlmir. O, daha çox aktiv və həyatdan zövq alan insanların yolunda ortaya çıxır.

Demokrat.az xəbər verir ki, bunu The Telegraph nəşrinə münasibətlər üzrə ekspert Anjela Vossen deyib.

Ekspertin fikrincə, insan əvvəlcə onu tamamlayacaq partnyoru axtarmaq əvəzinə, özü ilə vaxt keçirməkdən zövq alan bir şəxsə çevrilməlidir: "Sevgini tapmağın ən yaxşı yolu münasibətləri zorla həyatına daxil etməyə çalışmaq deyil, həyatı tam şəkildə yaşamaqdır".

Anjela Vossen sevgini tapmaq üçün münasibət axtarışını obsesiyaya çevirmədən tətbiq oluna biləcək bir sıra praktik tövsiyələr də təqdim edib.

Özünəinam prioritetdir. Qeyd olunur ki, özünəinam ən cəlbedici xüsusiyyətlərdən biridir. İnsan özünə diqqət etdikdə, ona sevinc verən işlərlə məşğul olduqda, sağlam həyat tərzi saxladıqda və xoş sosial çevrə qurduqda təbii şəkildə oxşar enerjiyə malik insanları cəlb edir.

Özün olmaq bacarığı. Ekspert vurğulayır ki, doğru insan sizi olduğunuz kimi qəbul edəcək. Buna görə də insan özünü gizlətməməli, həssas tərəflərini göstərməkdən çəkinməməlidir. Məhz bu səmimi anlarda etibar və dərin bağ yaranır.

Onlayn tanışlıqlar. Müasir dövrdə bu, partnyor tapmağın effektiv üsullarından biridir. Onlayn tanış olan bir çox cütlük sonradan ciddi münasibət qurur, ailə həyatı yaşayır və övlad sahibi olur.

Aktiv sosial həyat. Sevgi axtarışına fokuslanmaq əvəzinə, daha çox ictimai həyata qatılmaq tövsiyə olunur. Yeni hobbilər, maraq klubları və könüllülük fəaliyyəti sosial çevrəni genişləndirir və tanışlıq ehtimalını artırır.

Keçmiş səhvlərdən nəticə çıxarmaq. Hər bir təcrübə dəyərli dərsdir. Nəyin işlədiyini və nəyin işləmədiyini analiz etmək gələcək münasibətlərdə daha düzgün seçimlər etməyə kömək edir.

Açıqlıq. Tanışlıqlar müəyyən açıq olmağı tələb edir. Əgər ayrılıqdan sonra hələ də emosional müdafiə ehtiyacı varsa, bərpa üçün vaxta ehtiyac ola bilər. Lakin tədricən açılmaq etibarın formalaşmasına kömək edir.

Yaxınların dəstəyi. Dostlara və ailəyə yeni münasibət istəyi barədə danışmaq faydalıdır. Onların dəstəyi həm motivasiya verir, həm də emosional çətinlikləri daha asan keçməyə kömək edir.

Sevginin sizin üçün nə demək olduğunu müəyyənləşdirin. Hər insan sevgi anlayışını fərqli qəbul edir: bəziləri üçün sakit bağlılıq, bəziləri üçün ehtiraslı romantika, bəziləri üçün isə təhlükəsizlik və anlaşılma hissi. Öz gözləntilərinizi dəqiq müəyyənləşdirmək vacibdir.

Sizə uyğun partnyorun kim olduğunu müəyyən edin. Arzulanan xüsusiyyətləri aydın bilmək keçmiş səhvləri təkrarlamamağa və “qırmızı bayraqları” görməyə kömək edir.

Ünsiyyət bacarıqlarını inkişaf etdirin. İlk mesajdan tutmuş görüşlərə qədər açıq ünsiyyət sağlam münasibətin əsas şərtidir. Yalnız öz fikirlərini ifadə etmək deyil, qarşı tərəfi də diqqətlə dinləmək vacibdir.

"Sevgi həyatını dayandırıb onu gözləyən insanlara deyil, artıq yaşayan insanlara yol tapır", deyə Anjela Vossen yekunlaşdırır.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova