Rusiya Prezidenti Vladimir Putin 2030-cu ildə keçiriləcək prezident seçkilərində namizəd olub-olmayacağı ilə bağlı suala münasibət bildirib.
Demokrat.az xəbər verir ki, Putin bu barədə jurnalistlərə açıqlamasında danışıb.
"Konstitusiya buna icazə versə də, 2030-cu ildə namizədliyimi irəli sürüb-sürməyəcəyimi demək üçün hələ tezdir", - deyə Rusiya lideri bildirib.
Putin qeyd edib ki, gələcəklə bağlı bu cür qərarlar vermək üçün hələ vaxt var:
"Sabaha, o biri günə qədər və qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün kifayət qədər sağlamlığımız olub-olmayacağını yalnız Allah bilir".
Rusiya Prezidenti vurğulayıb ki, hazırda ölkənin qarşısında çoxsaylı mühüm və mürəkkəb vəzifələr dayanır. Onun sözlərinə görə, əsas diqqət Rusiyanın gələcəyi naminə həmin problemlərin həllinə yönəldilməlidir.
Qeyd edək ki, Rusiyada növbəti prezident seçkilərinin 2030-cu ildə keçirilməsi nəzərdə tutulur. Putin hazırda ölkənin dövlət başçısı kimi fəaliyyətini davam etdirir.
İsmayıl Demokrat.az


