Saç baxımı üçün geniş istifadə olunan məşhur şampun markalarından biri təhlükəli bakteriya riski səbəbindən təcili olaraq geri çağırılıb.
Demokrat.az xəbər verir ki, Almaniyada aparılan laborator analizlər zamanı "Tec Italy Shampoo Totale" adlı şampunun bəzi partiyalarında insan sağlamlığı üçün risk yarada biləcək "Klebsiella oxytoca" bakteriyası aşkarlanıb.
Məlumata görə, sözügedən bakteriya sağlam insanlarda hər zaman ciddi fəsad yaratmasa da, immun sistemi zəif olan şəxslər, yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün təhlükə hesab olunur. Mütəxəssislər bildirirlər ki, bakteriyanın orqanizmə daxil olması bəzi hallarda ağır infeksiyalara, hətta həyati təhlükə yaradan fəsadlara səbəb ola bilər.
Bu səbəbdən məhsulun istehsalçısı və aidiyyəti qurumlar geri çağırılma qərarı verərək istehlakçılara şampundan istifadəni dərhal dayandırmağı tövsiyə ediblər. Xüsusilə məhsulun 1G27542266 partiya nömrəsinə və 27 may 2027-ci il son istifadə tarixinə malik seriyasının risk daşıdığı bildirilib.
Şirkət həmin məhsulu alan şəxslərdən onu satış məntəqələrinə qaytarmalarını və ya məhv etmələrini istəyib. Bildirilib ki, məhsulun istifadəsi zamanı bakteriyanın açıq yaralar, göz və ya həssas dəri sahələri ilə təması sağlamlıq problemlərinə yol aça bilər.
Qeyd edək ki, son illər kosmetik və şəxsi qulluq məhsullarında bakterial çirklənmə halları ilə bağlı bir sıra geri çağırılmalar həyata keçirilib. Mütəxəssislər istehlakçılara istifadə etdikləri məhsulların partiya nömrələrini yoxlamağı və rəsmi xəbərdarlıqları diqqətlə izləməyi tövsiyə edirlər.
İsmayıl Demokrat.az


