Yumurtalar mətbəxdə ən çox istifadə olunan məhsullardan biri olduğuna görə demək olar ki, hər evdə saxlanılır, lakin düzgün şərait seçilmədikdə onlar zamanla təzəliyini itirir. Bir çox insanlar qeyd edir ki, vaxt keçdikcə yumurtanın ağı durulaşır, dadı və teksturası isə hətta yararlılıq müddəti bitmədən dəyişir.
Demokrat.az xəbər verir ki, ekspertlər yumurtaların necə saxlanmalı olduğunu və evdə bunun üçün ən uyğun yerin harada olduğunu izah ediblər.
Yumurtaları hansı temperaturda saxlamaq lazımdır?
Mütəxəssislərin fikrincə, yumurtaların soyuducuda saxlanması onların keyfiyyətini qorumaq üçün ən düzgün seçimdir. Aşpaz Din Harper bildirir ki, optimal temperatur 3–5 dərəcədir.
Onun sözlərinə görə, temperaturun tez-tez dəyişməsi yumurtaların təzəliyini daha sürətlə azaldır. Buna görə də onların soyuducuda harada yerləşdirilməsi də vacibdir.
Ən yaxşı yer soyuducunun qapısı deyil, əsas bölməsidir. Çünki qapı hər açıldıqda temperatur dəyişir və bu, yumurtanın strukturuna təsir edərək ağın daha sulu olmasına səbəb ola bilər.
Mütəxəssis həmçinin yumurtaları karton qablaşdırmada saxlamağı tövsiyə edir. Bu, qabığın digər qidaların qoxusunu udmasının qarşısını alır və üzərindəki son istifadə tarixini görməyə imkan verir.
Ekspertlər xatırladır ki, qablaşdırmada göstərilən tarix məhsulun mütləq şəkildə həmin gündən sonra yararsız olması demək deyil. Bu, daha çox maksimum təzəlik göstəricisidir.
Yumurtanın xarab olub-olmadığını isə onu sındıraraq müəyyən etmək mümkündür. Təzə yumurtada demək olar ki, qoxu olmur. Əgər kəskin kükürd və ya xoşagəlməz qoxu hiss edilirsə, həmin yumurtanı istifadə etmək tövsiyə olunmur.
Jalə Demokrat.az


