Siyasət Özəl

"Ermənistanın tam şəkildə Rusiyadan uzaqlaşması hazırkı mərhələdə real görünmür"

Ermənistanın tam şəkildə Rusiyadan uzaqlaşması hazırkı mərhələdə real görünmür

Rusiya və Ermənistan arasında son günlər artan siyasi gərginlik fonunda Moskvanın İrəvana qarşı mümkün hərbi müdaxilə ehtimalı yenidən beynəlxalq gündəmin əsas müzakirə mövzusuna çevrilib. Kremlin Ermənistandakı səfirini geri çağırması və iqtisadi təhdidləri masaya qoyması tərəflər arasındakı diplomatik çatları daha da dərinləşdirib. Ekspertlər Moskvanın birbaşa hərbi gücdən daha çox, qarşıdan gələn parlament seçkilərinə hibrid üsullarla təsir etməyə çalışdığını bildirirlər. Ukraynadakı müharibə səbəbindən Rusiyanın Cənubi Qafqazda yeni hərbi cəbhə açması real görünməsə də, iqtisadi və enerji rıçaqları ilə İrəvana təzyiqlər pik həddə çatıb. Paşinyan hakimiyyəti isə Qərbə inteqrasiya xəttini qorumaqla yanaşı, Moskva ilə münasibətləri tamamilə qoparmamaq üçün balanslı siyasət yürütməyə çalışır.

Məsələ ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlama verib.

O deyib ki, Ermənistan-Rusiya münasibətlərində görünənlə reallıq arasında ciddi fərqlər mövcuddur:

“Xüsusilə İrəvanın son dövrlərdə Qərbə yaxınlaşmaq cəhdləri və paralel şəkildə Moskva ilə əlaqələrin tam qırılmaması müxtəlif suallar doğurur. Ermənistanda daxili siyasi proseslərə təsir imkanları da kifayət qədər genişdir. Xüsusilə Qarabağı tərk etmiş ermənilərin və digər sosial qrupların seçki proseslərinə və küçə aksiyalarına yönləndirilməsi ehtimalı siyasi balansın dəyişməsində ciddi amilə çevrilə bilər. Bu isə həm hakimiyyətin mövqeyinə təsir göstərmək, həm də müəyyən xarici güclərin maraqlarını təmin etmək baxımından mühüm vasitə hesab olunur”.

O qeyd edib ki, digər tərəfdən, Rusiyanın Ermənistan üzərində təsir imkanlarının hələ də davam etdiyi aydın görünür:

“Ölkədə Rusiyanın hərbi bazasının qalması, iqtisadi və enerji sektorunda Moskvanın dominant mövqeyi onu göstərir ki, Ermənistanın tam şəkildə Rusiyadan uzaqlaşması hazırkı mərhələdə real görünmür. Bu baxımdan, Ermənistan hakimiyyətinin anti-Rusiya ritorikasının nə dərəcədə səmimi olduğu da müzakirə mövzusudur. Çünki bir tərəfdən Qərbə inteqrasiya mesajları verilir, digər tərəfdən isə ölkənin strateji sahələrində Rusiyanın təsiri qorunub saxlanılır. Bu isə bəzi ekspertlərdə belə bir fikir formalaşdırır ki, İrəvanın siyasəti müəyyən mənada həm Qərb, həm də Moskva arasında balans yaratmağa hesablanmış taktiki gedişdir. Məhz buna görə regionda baş verən proseslərə yalnız görünən siyasi bəyanatlar fonunda deyil, həm də pərdəarxası geosiyasi maraqlar prizmasından yanaşmaq vacibdir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova