Bir çox insan çiy əti bişirməzdən əvvəl yumağı məhsulun daha təmiz və təhlükəsiz olması üçün vacib hesab edir. Lakin müasir tibbi tövsiyələr və qida təhlükəsizliyi üzrə beynəlxalq təşkilatların mövqeyi göstərir ki, bu vərdiş nəinki faydasız, hətta təhlükəli ola bilər...
Demokrat.az-ın məlumatına görə, infeksionist həkim Oleksandra Pleşakova UNİAN-a açıqlamasında bildirib ki, çiy ətin yuyulması qida təhlükəsizliyi baxımından tövsiyə edilmir.
Niyə çiy əti yumaq məsləhət görülmür?
Həkimin sözlərinə görə, ABŞ və Avropa ölkələrinin qida təhlükəsizliyi qaydaları çiy ətin yuyulmamasını tövsiyə edir: "Amerika və Avropa qida hazırlanması qaydalarında qeyd olunur ki, donuz əti, quş əti və ya ov əti olmasından asılı olmayaraq, bişirmədən əvvəl onu yumağa ehtiyac yoxdur".
Mütəxəssis izah edir ki, əsas təhlükə "çarpaz çirklənmə" adlanan proseslə bağlıdır. Ət yuyularkən su damcıları ilə birlikdə bakteriyalar da ətrafa yayılır və mətbəxdəki digər səthlərə, qab-qacaqlara, kəsmə lövhələrinə və hətta hazır qidalara düşə bilir.
Onun sözlərinə görə, yuyulma zamanı bakteriyalar təxminən bir metr radiusda yayıla bilər və adi təmizlik işləri belə bu çirklənməni tam aradan qaldırmaya bilər.
Marinadlanmış ət istisna ola bilər
Pleşakova qeyd edib ki, bəzi beynəlxalq tövsiyələrə görə istisna yalnız marinadlanmış ətə aiddir: "Amerika tövsiyələrində göstərilir ki, marinad etməzdən əvvəl ət yuyulmur. Lakin marinad prosesindən sonra onu yüngül şəkildə yaxalamaq və sonra bişirmək olar".
Bu qayda mal əti, donuz əti və quş əti üçün eyni şəkildə keçərlidir.
Əti yumamaq təhlükəlidirmi?
Həkim vurğulayır ki, çiy ətin yuyulması məhsulu daha təhlükəsiz etmir. Çünki səthdə olan bakteriyalar kifayət qədər istiliklə bişirmə zamanı məhv olur.
"Tədqiqatlar göstərir ki, ətin səthində olan bakteriyaların hamısı düzgün istilik emalı zamanı ölür və insan üçün təhlükə yaratmır", deyə o qeyd edib.
Məhz buna görə mütəxəssislər yarımçıq bişmiş və ya çiy ətin istehlakını tövsiyə etmirlər.
Düzgün saxlanma qaydaları da vacibdir
Pleşakovanın sözlərinə görə, qida təhlükəsizliyi baxımından ətin necə saxlanılması da ən az onun yuyulub-yuyulmaması qədər vacibdir.
Həkim aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:
* Çiy ət və balığı hazır qidalardan ayrı saxlamaq; * Onlar üçün ayrıca bıçaq və kəsmə lövhəsi istifadə etmək; * Qablaşdırmanı açdıqdan sonra dərhal tullamaq; * Çiy əti əlavə olaraq suda və ya duz məhlullarında islatmamaq.
"Bu üsullar bakterial riskləri azaltmır və əksinə, daha çox təhlükə yarada bilər", deyə infeksionist vurğulayıb.
Mütəxəssislər hesab edirlər ki, mağazadan alınan çiy toyuq və digər ət məhsullarını yumamaq həm mətbəxdə gigiyenanı qorumağa, həm də qida mənşəli infeksiyaların yayılma riskini azaltmağa kömək edir.
Jalə Demokrat.az


