Siyasət Özəl

Prezident Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya aydın şəkildə çatdırdı — Deputat

Prezident Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya aydın şəkildə çatdırdı — Deputat

Prezident İlham Əliyev Bakı Enerji Həftəsində çıxışı zamanı Azərbaycanın enerji təhlükəsizliyi sahəsində artan rolundan, regional əməkdaşlıq layihələrindən və ölkənin tranzit imkanlarının genişləndirilməsindən danışdı. Dövlət başçısı həmçinin Zəngəzur dəhlizinin regionun nəqliyyat xəritəsində mühüm yer tutacağını və Şərq-Qərb dəhlizinin yeni qolu kimi strateji əhəmiyyət daşıdığını vurğuladı.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, hər zaman olduğu kimi, Prezident növbəti dəfə çox mühüm və vacib mesajlar verdi:

“Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya aydın şəkildə çatdırdı. Bu gün Azərbaycan enerji təhlükəsizliyi istiqamətində mühüm addımlar atan və strateji layihələr həyata keçirən ölkələrdən biridir. Bu kontekstdə xüsusilə Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulamaq lazımdır. Zəngəzur dəhlizinin açılması Şərq-Qərb nəqliyyat dəhlizinin yeni və strateji qolu kimi qiymətləndirilməlidir. Bu layihə yalnız regional kommunikasiya baxımından deyil, həm də beynəlxalq yükdaşımaların inkişafı baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, avqustun 8-də ABŞ-da imzalanan mühüm sənəd də bu prosesdə xüsusi rol oynayır. Həmin sənəddə Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib məqamlar öz əksini tapdı”.

O bildirib ki, bu razılaşma tərəflər arasında kommunikasiyaların açılması istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər:

“Çünki belə sənədin imzalanması Ermənistan və Azərbaycan arasında bu dəhlizin açılması ilə bağlı razılığın əldə olunmasına ciddi zəmin yaratdı. Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın beynəlxalq logistika imkanlarını daha da genişləndirəcək, ölkəmizin tranzit və nəqliyyat mərkəzi kimi mövqeyini gücləndirəcək. Bu layihə həm regional iqtisadi əməkdaşlığa, həm də beynəlxalq yükdaşımaların sürətlənməsinə mühüm töhfə verəcək. Azərbaycan yaxın illərdə dəhlizlərin inkişafında və beynəlxalq yüklərin daşınmasında öz strateji rolunu daha da möhkəmləndirəcək”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova