İqtisadiyyat Özəl

Azərbaycana gələn turistlər üçün "PAŞA Bank"dan gözlənilməz yenilik

Azərbaycana gələn turistlər üçün PAŞA Bankdan gözlənilməz yenilik

Azərbaycana gələn xarici turistlər yaxın vaxtlarda ödənişlərini öz milli valyutalarında və ya ABŞ dolları ilə edə biləcəklər.

Demokrat.az xəbər verir ki, bu yeniliyi PAŞA Bank-ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev bankın 2025-ci ilin maliyyə nəticələrinə həsr olunan mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, hazırda Azərbaycan vətəndaşları xaricdə manat kartları ilə ödəniş edərkən seçim olaraq həmin ölkənin valyutası, manat və ya ABŞ dollarından istifadə edə bilir. Bank indi bu sistemi Azərbaycanda da tətbiq etməyə hazırlaşır.

Yeni sistemə əsasən, BƏƏ, ABŞ, İngiltərə və Asiya ölkələrindən gələn turistlər hotel, restoran və digər obyektlərdə ödəniş zamanı “PAŞA Bank” terminalları vasitəsilə öz milli valyutalarında və ya ABŞ dolları ilə ödəniş edə biləcəklər. Bank hesab edir ki, bu addım turistlər üçün ödəniş prosesini daha rahat edəcək.

Mətbuat konfransında bankın maliyyə göstəriciləri də açıqlanıb. Bildirilib ki, 2025-ci ildə bankın aktivləri 14 faiz artaraq 9,84 milyard manata çatıb. Kredit portfeli 3,88 milyard manat, depozit portfeli isə 7,90 milyard manat olub. Bankın kapitalı 964 milyon manat təşkil edib.

PAŞA Bank biznes kreditləri bazarında 19,3 faiz payla ölkənin ən böyük özəl korporativ maliyyə institutu statusunu qoruyub saxlayıb. Kreditlərin əsas hissəsi ticarət, xidmət, sənaye və nəqliyyat sahələrinə yönəlib.

Bankın İdarə Heyətinin üzvü Murad Süleymanov isə bildirib ki, 2025-ci ilin nəticələrinə əsasən səhmdarlara 107 milyon manat dividend ödənilməsi planlaşdırılır. Dividend məsələsi ilə bağlı səhmdarların ümumi yığıncağı iyunun ikinci yarısında keçiriləcək.

Konfransda bankın IPO prosesi barədə də məlumat verilib. Qeyd olunub ki, bank kapitalının 5 faizini təşkil edən 932 min 926 səhm, hər biri 55 manat olmaqla Bakı Fond Birjası vasitəsilə satışa çıxarılıb. Yüksək investor marağı nəzərə alınaraq abunə yazılışı 12 iyun 2026-cı il tarixinədək uzadılıb. Bankın hazırda 13 mindən çox unikal investoru olduğu bildirilib.

Bəxtiyar Umarlı Demokrat.az

NE
Nihadə Eyyubova