Bakının Qaradağ rayonunda marketlərdən birində dava olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Müşfiqabad qəsəbəsində yerləşən mağazalar şəbəkələrindən birinin marketində baş verib.
Ağdam rayon sakini, 1989-cu il təvəllüdlü Fəridə mağazasının giriş qapısından içəri tərəfdə olan zaman tanışı Fatimə ilə mübahisə edib. Aralarında yaranmış sözlü mübahisə zamanı o, yumruq zərbəsi ilə qadına xəsarətlər yetirib.
İş üzrə izahat verən Fəridə bildirib ki, iş yerində gündəlik kassa təhvili zamanı kassada əskikliyin olması müəyyən edilib: “Kassada əskikliyin səbəbi Fatimənin ödəniş zamanı onlayn ödəniş tətbiqindən istifadə edərkən pulun çıxılmaması ilə əlaqədar olub. Fatimə iki gün sonra marketə yaxınlaşaraq mobil telefonunda pulun kartından çıxıldığını göstərdi. Daha sonra qarşıdakı mağazadan eyni qaydada ödəniş etdi və bu formada ödəniş edəndə pulun kartından çıxıldığını bildirdi. Bundan sonra kassadakı əskiklik bağlanmaqla məsələ həll edildi”.
Təqsirləndirilən şəxs deyib ki, Fatiməyə məsələni izah etsə də, onunla razılaşmayıb: “Fatimə mənim ünvanıma nalayiq ifadə işlədərək mağazada səs-küy salmağa başladı. Onu mağazadan çıxartmağa çalışsam da, mümkün olmadı. İlk növbədə Fatimə mənim saçıma əl atdı. Mən də özümü müdafiə etmək üçün onun saçından tutaraq marketdən çölə çıxartdım”.
Fəridənin ifadəsinə görə, hadisədən 15-20 dəqiqə sonra oraya gələn Fatimənin atasından dəfələrlə üzr istəyib:
“Məsələnin razılıq yolu ilə bitdiyini düşünsəm də, Fatimə məni polisə şikayət etdi. Polis idarəsində barışıq təklif olunsa da, Fatimə mənimlə barışmadı. Mənim yaşca böyük olan atam Fatimənin atasının evlərinə getdi. Amma o, yenə də barışmadı. Fatimə iş yerimə şikayət edərək, mənim işdən çıxarılmam ilə bağlı ərizə yazdı. Bunun nəticəsində şiddətli töhmət alaraq, 20 gün müddətinə işdən uzaqlaşdırıldım və 14 gün müddətinə öz hesabıma məzuniyyətə çıxdım”.
Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə verib, törətdiyi əməli etiraf edib və əməlindən peşman olduğunu deyib. O, zərərçəkmiş şəxs ilə barışdığını, həmçinin barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edib.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


