İllərdir sadəcə vizual dizayn və ya brendin baş hərfi hesab olunan məşhur "Tesla" loqosunun altından böyük mühəndislik sirri çıxdı. İlon Maskın rəhbərlik etdiyi nəhəng şirkətin emblemi sən demə, elektrik mühərrikinin kəsiyini özündə əks etdirirmiş.
Demokrat.az xəbər verir ki, bu barədə şirkətin loqo dizaynı ilə bağlı yayılan məlumatda bildirilib. Məlumata görə, loqodakı elementlər mühərrik hissələrini simvolizə edir:
Şaquli xətt (Rotor): Loqonun aşağıya doğru uzanan əsas sütunu, elektrik mühərrikinin daxilində fırlanan hissəni, yəni rotorun qütbünü göstərir.
Üfüqi qövs (Stator): "T" hərfinin üzərindəki qövsvari xətt isə hərəkət yaratmaq üçün maqnit sahəsini formalaşdıran sabit hissəni, yəni statorun bölümünü təmsil edir.
Emblem ilk dəfə "RO Studio" dizayn şirkəti tərəfindən hazırlanarkən klassik avtomobil istehsalçılarının ənənələrinə uyğun formada, gerb qalxanının içərisində yerləşdirilibmiş. Zaman keçdikcə şirkət bu qalxanı ləğv edərək daha minimalist üsluba üstünlük verib. Qalxanın kənarlaşdırılması loqonun rəqəmsal ekranlara, əməliyyat sistemlərinə və mobil tətbiqlərə daha asan inteqrasiya olunmasını təmin edib.
Yəni, "Tesla" avtomobillərinin loqosundakı "T" hərfi sadəcə şirkətin adını deyil, elektrik mühərrikinin daxili iş prinsiplərini və mühəndislik detallarını simvolizə edən xüsusi kəsikdən ibarətdir.
İsmayıl Demokrat.az


