Turizm Özəl

Bilet tapılmayan günlər geridə qalır — Yeni alternativ gəlir

Bilet tapılmayan günlər geridə qalır — Yeni alternativ gəlir

Quru sərhədlərin açılması ilə regiondaxili səfərlərin yenidən canlanacağı gözlənilir. Xüsusilə qonşu ölkələrə olan turist axını barədə müxtəlif proqnozlar səsləndirilir. Bu fonda yerli turizmin gələcək dinamikası ilə bağlı suallar da aktuallaşır.

Məsələ ilə bağlı turizm eksperti Rahib İsmayılov Demokrat.az-a bildirib ki, yerli turizm zəifləməyəcək:

"Yerli turizmin zəifləməsinə əsas səbəb hazırda davam edən Körfəz müharibəsidir və bu, həmin regiondan gələn turist axınını azaldıb. Bu amil müəyyən təsir göstərsə də, yerli turist bazarında ciddi zəifləmə gözlənilmir. Yalnız cüzi dəyişiklik ola bilər, lakin bu, nəzərəçarpacaq səviyyədə olmayacaq. Xüsusilə yay mövsümündə insanlar Tiflis, Batumi və Trabzon kimi istiqamətlərə rahat şəkildə gedib-gələ biləcəklər. Eyni zamanda həmin ölkələrdən Azərbaycana turist axını da davam edəcək".

O qeyd edib ki, aviabiletlərin yalnız hava yolu ilə məhdudlaşması əvvəllər qiymətlərin yüksək olmasına və xüsusilə pik mövsümlərdə və bayram günlərində bilet tapılmamasına səbəb olurdu:

"Alternativ imkanların yaranması bu problemi qismən azalda bilər. Hazırda yanacaq qiymətlərinin artması ümumilikdə aviaşirkətlərdə qiymətlərin yüksəlməsi tendensiyasını davam etdirir. Buna baxmayaraq, bu dəyişikliklərin turizmi canlandıracağı və həm gələn, həm də gedən turistlərin sayında artım yaradacağı gözlənilir", - deyə o bildirib.

Qeyd edək ki, mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkəti bərpa edilir. Dəmiryolu qurumlarının ilkin razılaşmasına görə, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə saat 21:00-da hərəkətə başlayaraq növbəti gün saat 06:24-də Bakıya çatacaq.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova