COP29 zamanı qazandığı böyük təcrübəni növbəti qlobal platformaya daşıyan Azərbaycan mediası bu dəfə WUF13-də fəallığı ilə diqqət çəkir. Dünyanın müxtəlif ölkələrindən nümayəndələrin qatıldığı Ümumdünya Şəhərsalma Forumunda yerli media qurumları müzakirələri və əsas mesajları cəmiyyətə operativ şəkildə çatdırır. İnformasiya təminatında televiziya əməkdaşlarından tutmuş fotoqraflara, reportyorlardan rəqəmsal media təmsilçilərinə qədər yüzlərlə jurnalist aktiv rol oynayır. Bu proses ölkənin beynəlxalq miqyaslı tədbirlərdə formalaşan media potensialını növbəti dəfə nümayiş etdirir.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bu barədə Demokrat.az-a danışıb.
Qurum rəhbəri medianın fəallığını jurnalistin gündəlik işi və peşə borcu kimi dəyərləndirib:
“Belə tədbirlərdə medianın əsas vəzifəsi prosesləri operativ şəkildə ictimaiyyətə çatdırmaqdır və jurnalistlər də məhz bunu ediblər.
Ümumiyyətlə, burada söhbət təkcə müxbirlərdən getmir. Televiziya əməkdaşları, yazılı media nümayəndələri, fotoqraflar, operatorlar bunların hamısı jurnalistikanın tərkib hissəsidir. Sadəcə fəaliyyət istiqamətləri fərqlidir. Hər kəs öz sahəsi üzrə işini uğurla yerinə yetirir. Operator da, fotoqraf da, reportyor da ümumi media prosesinin bir parçasıdır. Bu baxımdan hesab edirəm ki, media nümayəndələrimiz həmin tədbirlər zamanı öz peşə vəzifələrini peşəkarcasına yerinə yetiriblər, çalışıblar və üzərlərinə düşən işi görüblər. Bunu peşə borcunun icrası kimi dəyərləndirirəm”.
Leyla Turan Demokrat.az


