Bakının Suraxanı rayonunda gəlin-baldız arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 16-da rayonun Hövsan qəsəbəsində baş verib. Beyləqan rayon sakini, 1997-ci il təvəllüdlü Əntiqə həmin gün saat 19 radələrində yaşadıqları evdə baldızı Gülnarənin (adlar şərtidir – red.) onun ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən aralarında yaranmış mübahisə və dava-dalaş zamanı onu döyərək, müxtəlif dərəcəli xəsarətlər yetirib.
İş üzrə izahat verən Əntiqə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq MMC-də süpürgəçi işləyir:
“Mən həmin ünvanda baldızım Gülnarə ilə birlikdə yaşayıram. Əhmədlə 2016-cı ildə evlənmişəm və həmin evlilikdən üç azyaşlı övladımız var. Övladlarımın birinin 5, ikincisinin 7, üçüncüsünün isə 8 yaşı var. Evləndiyimiz vaxtdan baldızımla münasibətim yaxşı olmayıb. Tez-tez müxtəlif məsələlərə görə mübahisəmiz olub. Gülnarənin mənimlə bərabər qardaşlarım, bacım və valideynlərim ilə də münasibəti yoxdur”.
Əntiqə qeyd edib ki, 2025-ci ilin fevralın 16-da qonşuda olan hüzür yerində olan zaman qardaşı İslam ona zəng edib:
“Qardaşım dedi ki, bizə qurban əti gətirir. Mən də qardaşıma evdə olmadığımı, qonşuda olduğumu, həyət qapısının qarşısına gələrək məni gözləməsini dedim. Qardaşım çatanda mənə zəng etdi. Mən də qonşudan evə gəldim və gördüm ki, qardaşım evin həyət qapısının qarşısında, yəni küçədə məni gözləyir. Bu zaman qardaşım dedi ki, o çatanda qızım Süsənin küçədə digər uşaqlarla oynadığını görüb və gedərək dərslərini oxuması üçün onu danlayıb, evə getməsini deyib. Qardaşımın sözlərindən sonra Süsən küsüb və ağlayaraq evə gedib. Mən qardaşım ilə görüşdüm, onu evin həyətinə dəvət etdim. Baldızım Gülnarə evdə olduğuna görə qardaşım evin içərisinə gəlməyə razı olmasa da, evin həyət qapısından həyətə daxil oldu. Mən də qardaşımdan əti götürdüm və evə getmək istədim. Həmin vaxt baldızım evdən həyətə çıxdı və qardaşımın üstünə qışqıraraq ona nalayiq ifadələr işlətdi, nə üçün onun evinə gəldiyini, niyə Süsəni ağlatdığını dedi və yenə də ona qarşı nalayiq ifadələr işlətməyə davam etdi. İslam Gülnarənin sözlərinə qarşılıq vermədən ona işi ilə məşğul olmasını dedi və getdi. Qardaşımın bu sözündən sonra Gülnarə yanımda qardaşım və ailəsinin ünvanına nalayiq ifadələr işlətməyə davam etdi. Mən isə ərim evdə olmadığına görə aramızda mübahisə olmasın deyə Gülnarəyə bir söz demədim, öz işlərim ilə məşğul olmağa başladım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, gün ərzində Gülnarə qardaşına və ailəsinə dediyi nalayiq ifadələri eşitsə də, axşam əri Vüsal gələnə qədər dözərək susub:
“Həmin gün axşam saat 19 radələrində ərim işdən evə gəldi. Ərim evə gəldikdən sonra da baldızım ona dedi ki, guya qardaşım ona nalayiq ifadə işlədib. Bu sözləri deyərək qardaşıma qarşı nalayiq ifadələr işlətdir. Bu zaman mətbəxdən çıxaraq ərimə dedi ki, Gülnarə xeyli müddətdir mənim və ailəmin ünvanına nalayiq ifadələr işlədir, ancaq mən susaraq ona bir şey deməmişəm. Ərimdən bacısının səsini kəsməsini istədim. Bu zaman Vüsal bacısına əsəbləşdi, susmasını dedi. Gülnarə Vüsalın sözlərinə məhəl qoymadı, yenə də mənim və ailəmin ünvanına nalayiq ifadələr işlətməyə davam etdi. Həmin vaxt Vüsal işdən təzə gəlmişdi. Mən də həmin vaxt əlimdə olan bıçaqla mətbəxdə kartof soymuşdum ki, ərimə yemək bişirim. Bu zaman daha dözə bilmədim, mətbəxdən bayıra çıxdım. Əsəbimdən bıçaq yadımdan çıxaraq əlimdə qaldı. Gülnarədən həmin sözləri mənə dediyini soruşdum. O, da təsdiqləyərək həmin nalayiq ifadələri mənə dediyini bildirdi. Gülnarəyə dedim ki, daha bəsdir. Bu sözüm deyərək əlimdə olan bıçağı kənara atdım və Gülnarənin üstünə getdim, nə üçün məni bezdirdiyini dedim. Bu zaman Gülnarə əli ilə sinəmdən yumruq vuraraq məni arxaya itələdi. Həmin vaxt mən də Gülnarənin üstünə getdim və beləliklə aramızda əlbəyaxa dava düşdü. Mübahisə və dava-dalaş zamanı mən Gülnarəni, o, da məni vurdu. Gülnarə bir əli ilə saçımdan tutdu, digər əli ilə sinəmdən, alnımın sol tərəfindən yumruq zərbələri vurdu. Mən özümü müdafiə etmək məqsədi ilə onun yumruq zərbəsinin qarşısını kəsmək istədim. Amma Gülnarə əli ilə barmaqlarımdan tutdu, sol əlimin üçüncü barmağının uzun dırnağını geriyə doğru itələyərək dırnağımı dırnaq yuvasından qəsdən qopardı. Həmçinin yumruqla sol əlimin barmaq nahiyələrindən zərbələr vurdu. Həmçinin barmaqlarımı geriyə doğru itələyərək məni yerə yıxmaq istədi. Dırnağım qopan zaman əlimdə bərk ağrı hiss etdim. Əlim və üst-başım bütöv qan olmağa başladı”.
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə vaxtı o da Gülnarəni vurub:
“Daha sonra əlim ilə Gülnarənin saçından tutaraq yerə yıxdım, ona yumruq və şillə zərbələri vurmağa davam etdim. Gülnarə yerdə olan zaman məni əlləri ilə vurub. Lakin mən də çalışmışam ki, onu vurum. Mübahisə olan yerdə mənim dırnağımın qanı evə yayılıb. Aramızda mübahisə olan vaxtda Gülnarə mənim, mən də onun ünvanına nalayiq ifadələr işlətmişəm. Həmçinin bir-birimizə “öldürəcəm” kimi ifadələr işlətmişik. Lakin təbii ki, mənim Gülnarəni öldürmək niyyətim olmayıb. Əgər elə bir niyyətim olsaydı onun üzərinə bıçaqla hücum edərdim. Amma mübahisə başlayan vaxt bıçağı kənara atmışam. Mübahisə vaxtı Vüsal aramıza girərək bizi ayırdı. Onun üst-başı da mənim əlimin qanına bulaşdı”.
Zərərçəkmiş Gülnarə ifadəsində göstərib ki, qardaşı və qardaşının ailəsi ilə birlikdə yaşayır: “Rəsmi olaraq mühasib işləyirəm. Qardaşım Vüsal Əntiqə ilə bir neçə il bundan əvvəl evlənib. Həmin evlilikdən onların hazırda üç azyaşlı övladları var. Əntiqə ilə aramızda mütəmadi olaraq müxtəlif məsələlərə görə mübahisəmiz düşüb. Mən mühasibatlıq işini yaxşı bildiyimə görə hərdən yaşadığım evdə bu iş barəsində bəzi şəxslərə dərs keçirəm, yəni mühasibatlıq işini öyrədirəm”.
Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə ötən ilin fevralın 16-da, saat 17 radələrində evdə Zəminə adlı qadına mühasibatlıq işini öyrədən zaman qardaşının 7 yaşlı qızı Süsən ağlayaraq yanıma gəldi və dayısı İslamın onu döydüyünü bildirdi. Bu hal xoşuma gəlmədiyindən otaqdan bayıra çıxmaq istəyəndə İslam olduğum otağa daxil oldu. Ondan nə üçün uşağı döydüyünü soruşdum. Bu zaman o, “yaxşı eləyirəm, get işinlə məşğul ol” dedi. Evimdə İslamın bu cür rəftar etməsi xoşuma gəlmədi. Ona görə də ondan evdən getməsini deyərək qovdum”.
Gülnarənin ifadəsinə görə, daha sonra həmin gün saat 19 radələrində qardaşı Vüsal evə gəlib: “Vüsal evə gələn kimi onun yanına getdim və İslamın mənə qarşı evimdə hörmətsizlik etdiyini, nə üçün İslamın evimizə gəldiyini dedim. Qardaşımdan zəng edərək İslamı başa salmasını istədim. Qardaşım İslamın onda olan telefon nömrəsinə zəng etsə də, telefona zəng getmədi. Vüsal dedi ki, İslamın onda olan telefon nömrəsi işləmir. Bu zaman qardaşıma bir qədər uca səslə dedim ki, nə vaxta kimi belə olacaq, biz heç bir vaxt İslamın evinə getməmişik, nə üçün həmin şəxslər bizə gəlmədilər. Bu sözlərimi gəlinimiz Əntiqə eşitdi və mətbəxdən iti addımlarla üstümə gəldi. O, əvvəlcə yumruqla döş qəfəsimdən bir dəfə vurdu. Sonra əlləri ilə saçımdan yapışaraq dartdı və məni sürüməyə başladı. Saçımdan dartdığına görə yerə yıxıldım. Bu zaman yerdə uzanıqlı olsam da, buna baxmayaraq şillə və yumruq zərbələri ilə ona vurmuşam”.
Əntiqənin barəsində olan cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Milli Məclisin qərarının 5.1, 1.12, 1.16-cı bəndləri tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Əntiqənin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilib.
Qeyd edək ki, hadisə zamanı Əntiqə də Gülnarə tərəfindən xəsarət alması ilə bağlı araşdırma aparılıb və Gülnarənin barəsində də ayrıca icraatda cinayət işi başlayıb.
Fariz Məlikli Demokrat.az


