Bakının Nəsimi rayonunda kafedə iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində olan kafelərdən birində baş verib. Şəki rayon sakini, 1973-cü il təvəllüdlü Altay sözügedən kafenin icarədarı Famillə mübahisə edib.
Aralarında yaranmış sözlü mübahisə zamanı heç bir əsaslı səbəb olmadan Famili nalayiq ifadələrlə təhqir edib, onun sifət nahiyyəsindən vurub.
İş üzrə izahat verən Altay ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü tanışı Elbəy ilə birlikdə pivə içmək üçün kafeyə gəlib:
“Biz birlikdə kafeyə daxil olaraq masada əyləşdik, pivə sifariş etdik. Birlikdə pivə içdikdən sonra Elbəy orada ofisiant kimi işləyən qadına kafenin gecə saatlarında işləyib-işləməməsini soruşdu. Cavabında isə həmin qadın Elbəylə kobud danışmağa başladı. Bu zaman Elbəylə həmin qadın arasında mübahisə yarandı və onları sakitləşdirmək istədikdə kafeni işlədən Famil yaxınlaşaraq ünvanımıza nalayiq sözlər işlətdi, bizi qovmağa başladı. Bu zaman Familə söyüş söyməməsini və özünü normal aparmasını bildirdim. Famil yenidən ünvanıma nalayiq ifadələr işlədərək məni təhqir etdi. Buna görə də aramızda sözlə mübahisə yarandı və baş vermiş mübahisə zamanı Famil yenə də məni təhqir etdiyindən bir dəfə yumruq zərbəsi ilə onun ağız nahiyyəsinə vurdum”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra kafedə əyləşən şəxslər araya girib və onları ayırıb: “Mən kafeni tərk edərək getmək istəyən zaman məlum oldu ki, Famil döyülməsi barədə polisə şikayət edib.
Familin ağız nahiyyəsinə yumruqla zərbə vuraraq ona xəsarət yetirmişəm. Törətdiyim əməli ilə ictimai qaydanı kobud sürətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik etmişəm”.
Sonda təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayəti olmadığını deyib. O, barəsində amnistiya aktının tətbiq edilməsini istəyib.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilin və iş üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


