“Sülhün əldə olunması prosesində Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin rolu son illərdə regionun siyasi mənzərəsində əsas mövzulardan birinə çevrilib. Aparılan siyasət nəticəsində Azərbaycan təkcə hərbi güc vasitəsilə deyil, eyni zamanda diplomatik, siyasi və strateji addımlarla da yeni reallıqlar formalaşdırıb”.
Demokrat.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusundakı dəyirmi masada çıxışı zamanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev bildirib.
O deyib ki, Azərbaycanın əsas yanaşması ondan ibarət olub ki, sülh yalnız güc balansı ilə deyil, həm də ədalətli siyasi həll və beynəlxalq hüququn bərpası ilə mümkündür:
“Bu siyasətin nəticəsi olaraq regionda uzun illər davam edən münaqişə yeni mərhələyə keçib və artıq post-münaqişə dövrünün reallıqları formalaşmaqdadır. Son illərdə Ermənistanın xarici siyasi təsirlərə daha açıq olması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Xüsusilə bəzi Avropa ölkələrinin, o cümlədən Fransanın regionda daha aktiv siyasi mövqe sərgiləməsi müşahidə olunur. Bu isə Cənubi Qafqazda maraqların toqquşması və geosiyasi rəqabətin artması kimi qiymətləndirilir. Belə şəraitdə Azərbaycan öz müstəqil siyasətini qoruyaraq regional sabitliyin əsas təminatçılarından biri kimi çıxış edir. Ermənistan daxilində baş verən siyasi proseslər, o cümlədən seçki mərhələləri də regionun gələcək istiqamətinə təsir edən amillər sırasındadır. Mövcud siyasi rəhbərliyin müəyyən istiqamətdə dialoqa açıq olması ilə yanaşı, daxildə fərqli yanaşmalar və siyasi qruplar arasında mübarizə də davam edir. Bu proseslər regiondakı ümumi sülh gündəliyinə təsirsiz ötüşmür”.
O vurğulayıb ki, bu gün bir çox ölkələr Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir:
“Enerji, nəqliyyat, logistika və təhlükəsizlik sahələrində genişlənən əməkdaşlıq Azərbaycanın beynəlxalq etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Bu etimad həm də dövlətin yürütdüyü sabit və ardıcıl siyasətin nəticəsi kimi qiymətləndirilir. Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar regionda əməkdaşlıq imkanlarını genişləndirir və ölkənin beynəlxalq nüfuzunu artırır. Bu proses təkcə siyasi deyil, həm də iqtisadi və strateji baxımdan ölkənin mövqeyini gücləndirir”.
Leyla Turan Demokrat.az


