Bakının Yasamal rayonunda kafe sahibi ilə müştəri arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Dadaş Bünyadzadə küçəsində yerləşən “Pirate Pub” adlı kafedə baş verib.
Cəbrayıl rayon sakini, 1987-ci il təvəllüdlü Nurəli icarə əsasında işlətdiyi kafedə masada müştəri qismində əyləşmiş tanışı Elməddinin sərxoş vəziyyətdə ünvansız nalayiq ifadələr işlətdiyini eşidib və ona yaxınlaşaraq hesabını ödəyib, sonra isə kafeni tərk etməsini tələb edib.
Bu zaman Nurəli Elməddinin hesabı sonra ödəyəcəyini deməsinə görə əsassız mübahisə yaradıb və onu kafedən küçəyə çıxardaraq həmin mübahisəni uzadıb. O, mübahisəni daha aktiv münaqişəyə çevirərək Elməddinin sifətinə yumruqla vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
İş üzrə izahat verən Nurəli bildirib ki, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən avtoyuma məntəqəsini və “Pirate Pub” adlı iaşə obyektini icarə əsasında işlədib:
“Elməddin mənim işlətdiyim avtoyuma məntəqəsində yuyucu işləyib. O, bir neçə dəfə işlətdiyim kafedə əyləşib, hesabı isə bəzən sonda, bəzən isə sonradan ödəyib. Bizim aramızda heç vaxt pulla bağlı mübahisə olmayıb”.
Təqsirləndirilən şəxsa deyib ki, hadisənin baş verdiyi dəqiq xatırlamadığı tarixdə Elməddin kafedə masada əyləşərək təxminən 5 bakal pivə içib:
“Əvvəl tək əyləşərək pivə içsə də, sonradan Zaur da kafeyə gələrək Elməddinin yanında əyləşdi. Daha sonra isə kafeyə Ramin adlı tanışı da gəldi. Elməddin isə pivə içərək artıq dərəcədə sərxoş oldu və yüksək səslə ünvansız nalayiq ifadələr işlətdi. Elməddinə yaxınlaşaraq sakit olmağını, kafedə müştərilər olduğunu, onları narahat etməməsini irad bildirdim. Lakin Elməddin sakitləşmədi və söyüşlərini davam etdirdi. Mənim də ünvanıma söyüş söydüyü üçün Elməddini vurdum”.
İş üzrə zərərçəkmiş Elməddinin sözlərinə görə, Nurəli icarə əsasında işlətdiyi avtoyuma məntəqəsində yuyucu işləyib:
“Həmin avtoyuma məntəqəsindən bir qədər aralıda yerləşən “Pirate Pub” adlı kafeni də Nurəli işlədib. Həmin kafedə bir neçə dəfə pivə içmişəm, hesabı isə səhəri gün ödəmişəm. Hadisədən sonra qəzaya düşdüyüm üçün məndə yaddaş pozğunluğu yaranıb. Ona görə də hadisənin təfərrüatlarını xatırlamıram. Lakin təxmini yadımdadir ki, hadisənin baş verdiyi, dəqiq xatırlamadığım tarixdə, axşam saatlarında avtoyuma məntəqəsini bağlayaraq həmin kafeyə gəldim və kafedə əyləşərək iki-üç bakal pivə içdim. Əvvəl tək pivə içsəm də, sonradan həmin kafeni əvvəl işlədən Zaur da olduğum masada əyləşərək mənimlə pivə içdi. Mən pivə içdikdən sonra sərxoş oldum. Həmin vaxt Zaurla aramızda heç bir mübahisə olmadı”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra kafeyə əvvəllər bir yerdə işlədiyi Ramin adlı şəxs də gəlib:
“Raminlə aramızda müəyyən bir söhbət olsa da, nə dediyini xatırlamıram. Bundan sonra getmək istədim. Nurəli yaxınlaşaraq içdiyim pivələrin hesabını verməyimi bildirdi. Mən də zarafatyana Nurəlini söyərək hazırda pulum olmadığını, sonra verəcəyimi dedim. Bundan sonra aramızda hesaba görə sözlə mübahisə yarandı. Nurəliyə öz aramızda zarafat saydığımız, lakin söyüş hesab edilən söz işlətdim. Nurəli də eyni şəkildə mənə cavab verdi. Lakin daha sonra yenidən nəsə dediyimi xatırlamıram”.
Zərərçəkmiş bildirib ki, daha sonra kafenin içərisində olan zaman kimsə onu arxadan vurub:
“Lakin sərxoş olduğumdan məni kimin vurduğunu xatırlamıram. Çünki mübahisə vaxtı Nurəli həmin kafedə tək olmayıb. Kafedə əyləşən Nurəlinin tanışları da məni vurublar. Bu səbəbdən kafenin qapısından çölə çıxdım və kafenin qapısının ağzında yenə də mənə möhkəm zərbə endirildi. Sərxoş olduğum üçün həmin vaxt məni kimin vurduğunu xatırlamıram. Bu zaman mənim sifətimdən qan gəlməyə başladı. Bundan sonra kafedən getdim, özümə gəldikdən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdim”.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi həmin məcəllənin 127.1-ci maddəsinə tövsif edilib.
Hökmə əsasən, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilib, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli Demokrat.az


