ABŞ-dən Karib dənizi istiqamətinə yola düşən nəhəng kruiz gəmisində kütləvi yoluxma faktı qeydə alınıb.
"Caribbean Princess" gəmisində sürətlə yayılan norovirus infeksiyası artıq 102 sərnişin və 13 heyət üzvü arasında yoluxub. Aprelin 28-də "Fort Lauderdale" limanından ayrılan və 13 günlük tur planlaşdıran gəmidə vəziyyət gərginləşib.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, hazırda Şimali Atlantik sularında olan gəmidə dezinfeksiya işləri maksimum səviyyəyə qaldırılıb. Xəstələnən şəxslər dərhal təcrid olunsa da, gəmi mayın 11-də Florida sahillərinə çatana qədər sayın artacağı ehtimal edilir. Növbəti dayanacağı Puerto-Plata olan gəmidə tibbi nəzarət gücləndirilib.
Norovirus xüsusilə kruiz gəmiləri kimi insanların bir arada olduğu qapalı məkanlarda ildırım sürəti ilə yayılır. Şiddətli qusma və ishal ilə müşahidə olunan bu virusa yoluxanlarda simptomlar iki gün ərzində özünü büruzə verir. Mütəxəssislər xəbərdarlıq edir ki, adi spirtli dezinfeksiyaedicilər bu virusa qarşı həmişə effektiv olmur, ona görə də ən etibarlı qorunma yolu əlləri mütəmadi olaraq sabunla yumaqdır.
İsmayıl Demokrat.az


