ABŞ-da yaşayan 68 yaşlı qadında qəbul etdiyi antibiotikdən sonra nadir və diqqətçəkən yan təsir müşahidə olunub. Onun dərisində qısa müddətdə tünd rəng dəyişiklikləri yaranmağa başlayıb.
Demokrat.az "The New England Journal of Medicine" jurnalına istinadən xəbər verir ki, qadının ayaqlarında əvvəlcə göyümtül-qara ləkələr əmələ gəlib. Zaman keçdikcə həmin piqmentasiya qollarına və dil nahiyəsinə də yayılıb. Aparılan araşdırmalardan sonra həkimlər problemin səbəbinin xəstəyə təyin olunan Minosiklin preparatı ilə əlaqəli olduğunu müəyyən ediblər.
Qeyd olunur ki, bu antibiotik əsasən rozasea kimi tanınan xroniki dəri xəstəliyinin müalicəsində istifadə edilir. Müayinələr zamanı pasiyentdə dərman mənşəli nadir hiperpigmentasiya diaqnozu qoyulub. Nəticədə dəridə boz, mavi və qara çalarlara yaxın rəng dəyişiklikləri yaranıb.
Mütəxəssislər bildiriblər ki, belə hallar adətən uzunmüddətli müalicədən sonra ortaya çıxır. Lakin bu pasiyentdə reaksiyanın cəmi iki həftə ərzində inkişaf etməsi həkimlərin diqqətini çəkib.
Həkimlərin sözlərinə görə, preparatın təsiri nəticəsində orqanizmdə yaranan tünd piqment maddələri dəmir və melaninlə birləşərək toxumalarda toplanır. Bu da dərinin rənginin dəyişməsinə səbəb olur.
Qadının müalicəsi dayandırılıb və ona birbaşa günəş şüalarından qorunmaq tövsiyə edilib. Buna baxmayaraq, altı ay sonra belə ləkələrin tam yox olmadığı, yalnız bir qədər açıldığı bildirilib. Həkimlər bəzi pasiyentlərdə bu tip piqmentasiyanın uzun illər davam edə biləcəyini qeyd edirlər.
Jalə Demokrat.az


