Moskvada keçiriləcək bayram tədbirləri zamanı rabitə və internet xidmətlərində ciddi fasilələr yaranacaq. Rusiya Rəqəmsal İnkişaf Nazirliyi 7-8 may tarixlərində hər hansı bir məhdudiyyətin olmayacağını bildirsə də, əsas tədbir günü üçün fərqli qərar qəbul edilib.
Demokrat.az xəbər verir ki, Qələbə Günündə paytaxt sakinləri və qonaqlar mobil internetdən istifadə edə bilməyəcəklər. Rəsmi qurumların yaydığı məlumata görə, 9 mayda təhlükəsizlik tədbirləri çərçivəsində şəbəkəyə çıxış müvəqqəti olaraq dayandırılacaq.
Nazirlik bu addımın bayram zamanı yarana biləcək risklərin qarşısını almaq və asayişi qorumaq məqsədilə atıldığını bəyan edib. Eyni zamanda, Ukrayna tərəfinin parad günü ilə bağlı səsləndirdiyi hədələr fonunda Rusiya Xarici İşlər Nazirliyi də hərəkətə keçib. Nazirliyin rəsmisi Mariya Zaxarova bildirib ki, ölkədəki bütün xarici diplomatik nümayəndəliklərə xəbərdarlıq notası göndərilib. "Biz böyük risklər götürürük", - deyən Zaxarova vəziyyətin ciddiliyini vurğulayıb.
Yəni, Moskvada 9 may paradı günü dron hücumları və digər təhlükəsizlik təhdidlərinə görə mobil internet tamamilə söndürüləcək.
Jalə Demokrat.az


