Yaxın Şərqdə uzun illərdir davam edən gərginlik son dövrlərdə daha təhlükəli mərhələyə qədəm qoyub. Regional qarşıdurmalar artıq təkcə siyasi və hərbi müstəvidə deyil, eyni zamanda qlobal iqtisadi balanslara təsir edən amilə çevrilib. Xüsusilə strateji əhəmiyyət daşıyan enerji marşrutları üzərində nəzarət uğrunda mübarizə vəziyyəti daha da kəskinləşdirir. Bu kontekstdə Hörmüz boğazı ətrafında baş verən hadisələr diqqət mərkəzinə çıxır və münaqişənin istiqamətini müəyyən edən əsas faktorlardan biri kimi çıxış edir.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Demokrat.az-a bildirib ki, Yaxın Şərq münaqişəsi artıq yeni mərhələyə keçib:
"Hazırda olduqca təhlükəli situasiya yaranıb. Bu savaşın əsas ağırlıq mərkəzi artıq Hörmüz boğazına yönəlib. Bütün ziddiyyət mərkəzləri, bütün düyün nöqtələri məhz indi Hörmüz boğazında cəmləşib. Məsələ ondadır ki, İran Hörmüz boğazından Amerika Birləşmiş Ştatlarına qarşı silah kimi istifadə etmək istəyirdi. İlk mərhələdə buna müəyyən mənada nail olmuşdu. Qərb ölkələrinin ABŞ-yə qarşı təzyiqinin artırılmasına və dünya bazarlarında enerji qiymətlərinin yüksəldilməsinə cəhd göstərirdi. Ancaq Amerika Birləşmiş Ştatları qısa müddətdə Hörmüz amilini məhz İranın özünə qarşı çevirməyə nail oldu. Hörmüz boğazında ikinci blokada səddi yaratmaqla İranın iqtisadi-ticari fəaliyyətini blokladı. İndi Hörmüz boğazını iqtisadi silah kimi qəbul etsək, bu silah artıq İranın özünə qarşı işləyir".
Politoloq deyib ki, elə bir situasiya yaranıb ki, Hörmüz boğazı artıq Amerika Birləşmiş Ştatları üçün olduqca böyük əhəmiyyət daşıyır:
"ABŞ İranın əsas maliyyə qaynağı olan neft ixracının qarşısını demək olar ki, alıb və bu İran üçün ciddi təhlükə yaradır. Çünki neft ixracı tamamilə dayanarsa, bu o deməkdir ki, İranın büdcəsi ciddi problemlərlə üzləşəcək. Ölkə daxilində sosial-iqtisadi böhran dərinləşəcək və vətəndaş qarşıdurmasına qədər inkişaf edə biləcək prosesin başlanğıcı qaçılmaz olacaq.
Bütün bunları nəzərə aldıqda demək olar ki, hazırda Yaxın Şərq savaşı məhz Hörmüz boğazı üzərində davam edir. Ancaq son günlər savaşın yenidən İran ərazisinə qayıtma ehtimalı da ciddi şəkildə artıb. Çünki Hörmüz boğazında qarşılıqlı olaraq gəmilərə hücumlar baş verir. İran Amerika Birləşmiş Ştatları ilə yaxın münasibətlərdə olan ərəb ölkələrinə raket zərbələrini yenidən endirməyə başlayıb. Trampın son bəyanatında da bildirilir ki, hərbi əməliyyatların yenidən bərpa olunma ehtimalı yüksəkdir. Bu isə o deməkdir ki, Yaxın Şərq savaşı yenidən alovlana bilər.
Ən ciddi təhlükə ondan ibarətdir ki, savaş bərpa olunarsa, bu dəfə nəzarətdən çıxa və daha genişmiqyaslı, dağıdıcı müharibəyə çevrilə bilər. Bəzi Qərb ekspertləri hesab edirlər ki, münaqişə nəzarətdən çıxarsa, bu, taktiki nüvə zərbəsinə qədər inkişaf edə biləcək təhlükəli prosesin başlanğıcı ola bilər. Belə görünür ki, yaxın vaxtlarda Yaxın Şərqi daha böyük təhlükə gözləyir", - deyə o qeyd edib.
Əfsanə Kamal Demokrat.az


