İctimai nəqliyyatda bank kartı ilə ödəniş edən sərnişinlərin əksəriyyətini eyni sual düşündürür: gediş haqqı niyə dərhal deyil, saatlar, hətta günlər sonra balansdan çıxılır? Bir çox hallarda bu vəziyyət vətəndaşlarda vəsaitin ikiqat silinməsi şübhəsini yaratsa da, məsələnin əsl mahiyyəti tamamilə fərqlidir.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov məsələ barədə jurnalistlərə açıqlamasında bildirib ki, avtobus və metrolarda quraşdırılan terminalların böyük hissəsi oflayn rejimdə fəaliyyət göstərir. Bu o deməkdir ki, siz kartı terminala yaxınlaşdırdığınız anda sistem sizin balansınızda pulun olub-olmadığını yoxlamır, sadəcə keçidə icazə verir.
Taleh Kazımov deyib ki, sistemin bu cür işləməsi sərnişinlərin vaxt itirməməsi üçün nəzərdə tutulub.
"Balansda pul olmayan kartla ödəniş edəndə sizi buraxır. Aparat qeyd edir ki, məsələn, 60 qəpik borcludur" – deyə baş bankir qeyd edib.
Məhz bu səbəbdən kartda vəsait olmasa belə keçid mümkün olur, lakin sistem borcu yaddaşda saxlayır. Müəyyən vaxtdan sonra cihaz onlayn rejimə keçdikdə və ya mərkəzi sistemlə əlaqə yaratdıqda, kartdakı qalıq yoxlanılır və yığılmış borc balansdan silinir.
Sədr vurğulayıb ki, pulun sonradan çıxılması "ikiqat ödəniş" demək deyil, sadəcə gecikmiş tranzaksiyadır.
Əgər hər hansı vətəndaş vəsaitin artıq çıxıldığını düşünürsə, bu məsələ fərdi qaydada araşdırılmalıdır. Taleh Kazımov texniki səhvlərin istisna olunmadığını və belə hallarda bankların vəsaiti geri qaytarmalı olduğunu diqqətə çatdırıb. Bu texniki infrastruktur beynəlxalq ödəniş sistemlərinin standartlarına əsaslanır və hazırda banklarla bu istiqamətdə müzakirələr davam etdirilir.
Yəni, avtobusda kartı oxudanda pulun dərhal çıxılmaması terminalın həmin an internetə bağlı olmamasından irəli gəlir; sistem sizin gediş haqqınızı "borc" kimi qeyd edir və kartınıza pul oturan kimi həmin məbləği silir.(milli.az)
Demokrat.az


