Bakının Nərimanov rayonunda 21 yaşlı oğlan qonşusuna xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Kürdəmir rayon sakini, 2005-ci il təvəllüdlü Aqil bir neçə nəfər tanışı ilə birlikdə zərərçəkmiş Abbas (adlar şərtidir – red.) ilə mübahisə edib. O, bıçaqla Abbasın bel nahiyyəsinə vurub.
İş üzrə izahat verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Abbas qonşuluqda yaşayır: “Abbas heç kimə demədən 8 yaşlı bacım Əminəni Ulduz metrosuna apardı və atam həmin metroda onları görərək bacımı ondan alıb. Atam da bu məsələdə anamı günahlandırdı. Mən də məsələni aydınlaşdırmaq və evmizdə nəyə görə söz-söhbət salması ilə bağlı Abbası taparaq danışmaq istədim. Evdən çıxaraq gedərəkən Abbas qarşıma çıxdı. Abbasdan etdiyi hərəkətin səbəbini maraqlanmaq üçün onu kənara çağırdım. Abbas isə mənə “sən uşaqsan, bilmədiyin məsələlər var” dedi və məni əli ilə itələdi. Abbasa qarşılıq verərək onu vurdum və yerdən yarım armaturu götürərək ona zərbə yetirdim. Daha sonra anam Abbası xəstəxanaya apardığını, 3 gün evlərində saxlayaraq müalicəsini aldırdığını, dərmanlarının pulunu verdiyini bildirdi”.
İş üzrə zərərçəkmiş Abbasın sözlərinə görə, hadisə baş verən günə qədər Nərimanov rayonu, E.İsaqzadə küçəsində fərdi evlərdən birində kirayə yaşayıb: “Mən həmin dövrdə dəmirçilik peşəsi ilə məşğul olmuşam. Hadisə günü çıxaraq marketə getdim və evə lazım olan ərzaqları alaraq geri qayıdarkən qarşıdan əvvəldən tanıdığım Cəmil adlı şəxs və yanında əlavə tanımadığım 3 nəfər şəxs mənə tərəf gəldilər. Mənə çatdıqda oğlanlar mənimlə işi olduğu üçün yaxınlaşmağımı xahiş etdi. Mən də əlimdə ərzaq olmasını, həmin ərzağı evə qoyaraq gələcəyimi bildirdim. Bu zaman gözləmədilər, məni kənara çəkmək istədilər. Bu vaxt baş zərbəsi ilə mənim sifətimdən, yəni, burnumdan vurdular. Mən üzümü tutdum. Sonradan adının Aqil olduğunu bildiyim şəxs həmin an arxama keçərək qollarımdan tutdu. Bu zaman Aqilin əlindən çıxmaq istədim. Həmin an Aqil əlində olan alətlə kürək nahiyəmə vurdu. Bıçaq zərbəsi aldığımı sonradan hiss etdim. Bundan sonra həmin şəxslər məni təhqir edərək oradan uzaqlaşdılar. Bundan sonra tanışlarım məni təcili tibbi yardımla “Semaşka” xəstəxanasına apardılar”.
Zərərçəkmiş bildirib ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin onu bıçaqla vurmasını bildirib: “”Həmin vaxt bıçaq olduğunu düşünmüşəm. Onun kimi kəsici alət də ola bilərdi. Bir dəfə evdən çıxanda Aqilin bacısı Əminənin yol qırağında dayandığını gördüm. Həmin vaxt ondan nəyə görə burada gözlədiyini soruşdum. Qız anasını gözlədiyini dedi. Həmin vaxt əlindən yapışaraq metro tərəfə gedəndə atası ilə qarşılaşdım və uşağı atasına təhvil verdim. Bu məsələ ilə bağlı heç bir mübahisə olmadı. Özümün ailəm və övladlarım var. Onlar hazırda rayonda yaşayırlar. Hadisədən sonra müalicə və dərman pulları ödənilib. Aqillə barışmışam, ona qarşı şikayətim yoxdur”.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Aqil 4 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs bundan əvvəldə məhkum olunub. O, Nizami Rayon Məhkəməsinin 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü (soyğunçuluq) maddələri ilə təqsirli bilinib və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 1 il 6 ay sınaq olmaqla 3 il şərti cəza alıb.
Fariz Məlikli Demokrat.az


