Kriminal Özəl

Qohumların gəlişi Bakıda ailə münaqişəsinə səbəb oldu — Ad günü mərasimi ailəni məhkəməlik etdi

Qohumların gəlişi Bakıda ailə münaqişəsinə səbəb oldu — Ad günü mərasimi ailəni məhkəməlik etdi

Bakıda övladının ad günü şənliyinə etiraz edən qadın gözlənilməz gərginliyin ortasında qalıb. Ərinin valideynlərini də evə buraxmaq istəməyən xanımın bu inadı ailədəki bütün ipləri qoparıb.

Demokrat.az xəbər verir ki, Nizami rayonunda yaşayan 1991-ci il təvəllüdlü Fəqan (ad şərtidir) həyat yoldaşı Süsənlə (ad şərtidir) ciddi münaqişə yaşayıb. Fevralın 8-də saat 21 radələrində baş verən hadisəyə səbəb qadının həm övladının doğum gününü qeyd etməkdən boyun qaçırması, həm də qayınatasıgilin gəlişinə qarşı çıxması olub. Bu iradlara sərt reaksiya verən kişi ailə-məişət zəminində yaranan mübahisə zamanı yoldaşına müxtəlif xəsarətlər yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə başlanan iş artıq Nizami Rayon Məhkəməsində yekunlaşıb. Məhkəmə araşdırması zamanı məlum olub ki, tərəflər aralarındakı narazılığı aradan qaldırıb və rəsmən barışıblar. Süsən ərini bağışladığını deyərək şikayətini geri götürdüyü üçün Fəqan cinayət məsuliyyətindən azad edilib.

Qısası, evə qonaq gəlməsi üstündə başlayan və məhkəməyə qədər gedib çıxan ailə daxili gərginlik tərəflərin bir-birinə güzəştə getməsi ilə bitib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova