İtkin düşən Azərbaycan vətəndaşlarının taleyinin aydınlaşdırılması beynəlxalq hüququn mühüm humanitar istiqamətlərindən biridir. Bu sahədə dövlətlərin üzərinə düşən əsas öhdəliklər insan hüquqlarının qorunması və səmərəli araşdırmaların aparılması ilə bağlıdır. Beynəlxalq hüquq normaları dövlətlərdən itkin şəxslərin axtarışı, məlumatların toplanması və ailələrə məlumat verilməsi istiqamətində fəal addımlar tələb edir. Həmçinin bu prosesdə əməkdaşlıq və şəffaflıq prinsiplərinə riayət olunması vacib hesab edilir.
Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev Demokrat.az-a bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinin aydınlaşdırılması məsələsi beynəlxalq hüququn həm humanitar, həm də insan hüquqları sahələrinin kəsişməsində duran mühüm problemlərdən biridir:
"Bu məsələ təkcə humanitar xarakter daşımır, eyni zamanda dövlətlərin konkret hüquqi öhdəliklərini və bu öhdəliklərin pozulması halında yaranan məsuliyyəti də özündə ehtiva edir. Silahlı münaqişələr dövründə tətbiq olunan əsas hüquqi çərçivə 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokollarıdır. Həmin sənədlərə əsasən, münaqişə tərəfləri itkin düşmüş şəxslərin axtarılması, onların taleyinin müəyyənləşdirilməsi və bu barədə ailələrinə məlumat verilməsi üçün mümkün olan bütün tədbirləri görməlidir. Bu öhdəliklərə əsir götürülmüş şəxslərin qeydiyyata alınması, saxlanma yerləri barədə məlumatın təqdim edilməsi, həlak olmuş şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi və onların qalıqlarının ailələrinə qaytarılması daxildir. Bu tələblər beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biri olan humanizm və insan ləyaqətinə hörmət prinsipinə əsaslanır.
Beynəlxalq təcrübədə bu öhdəliklərin həyata keçirilməsi üçün xüsusi mexanizmlərin yaradılması mühüm yer tutur. Məsələn, Xorvatiyada yaradılmış itkin düşmüş şəxslərin axtarışı üzrə komissiya bu sahədə institusional yanaşmanın nümunəsidir. Belə mexanizmlər çərçivəsində dövlətlər yalnız daxili fəaliyyətlə kifayətlənməməli, eyni zamanda qarşı tərəf və beynəlxalq qurumlarla vicdanlı əməkdaşlıq etməlidirlər. Bu baxımdan Beynəlxalq Qızıl Xaç Komitəsi xüsusi rol oynayır. Komitənin Mərkəzi Axtarış Agentliyi itkin düşmüş şəxslər barədə məlumatların toplanması və mübadiləsi prosesində əsas vasitəçi funksiyasını yerinə yetirir".
O bildirib ki, beynəlxalq hüquqi sənədlər və praktikada formalaşmış normalar göstərir ki, itkin düşmüş şəxslərlə bağlı məlumatların toplanması və paylaşılması öhdəliyi münaqişə dövründə mövcud olmaqla yanaşı, hərbi əməliyyatlar başa çatdıqdan sonra da davam edir:
"BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrdə dövlətlərə çağırış edilir ki, hərbi əməliyyatların bitməsindən sonra da itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində fəaliyyətlərini davam etdirsinlər. Eyni mövqe BMT İnsan Hüquqları Komissiyası tərəfindən də təsdiq edilmişdir. Bu yanaşma onu göstərir ki, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üzrə öhdəliklər davamlı xarakter daşıyır və zamanla aradan qalxmır.
Bu öhdəliklərin yerinə yetirilməməsi isə beynəlxalq hüquqi məsuliyyət yaradır. Dövlət məsuliyyəti prinsiplərinə görə, beynəlxalq öhdəliklərin pozulması hüquqazidd əməl hesab olunur və bu zaman dövlətlərdən pozuntunun nəticələrinin aradan qaldırılması tələb edilir. Bu, reparasiya, kompensasiya ödənilməsi və oxşar pozuntuların təkrarlanmaması üçün təminatların verilməsi kimi tədbirləri əhatə edir. Bundan əlavə, əgər itkin düşmə halları işgəncə, qeyri-insani rəftar və ya qanunsuz öldürmə ilə müşayiət olunursa, bu zaman fərdi cinayət məsuliyyəti də yarana bilər. Belə hallarda məsul şəxslər milli məhkəmələr və ya beynəlxalq məhkəmə instansiyaları qarşısında cavab verməli olurlar.
Nəticə etibarilə, Birinci Qarabağ müharibəsi kontekstində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması məsələsi yalnız keçmişlə bağlı humanitar problem deyil. Bu, həm də dövlətlərin beynəlxalq hüquq qarşısında daşıdığı davamlı öhdəliklərin və məsuliyyətin mühüm təzahürüdür. Bu öhdəliklərin yerinə yetirilməsi ədalətin bərpası, zərərçəkmiş ailələrin hüquqlarının qorunması və uzunmüddətli sülhün təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.
Qısası, Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar haqqında məlumatları gizlətməklə beynəlxalq qanunları pozur və bu, həm dövlət, həm də fərdi səviyyədə hüquqi məsuliyyət yaradır.
Əfsanə Kamal Demokrat.az


