Əmək münasibətlərində intizamın qorunması iş prosesinin səmərəliliyi baxımından vacib hesab olunur. Bir çox şirkətlərdə işə gecikmə halları ilə mübarizə aparmaq üçün müxtəlif üsullardan istifadə edilir və bəzən bu, işçilərin əməkhaqlarından müəyyən məbləğin tutulması ilə müşayiət olunur. Lakin bu yanaşma həm hüquqi, həm də etik baxımdan müzakirə doğurur və mövcud qanunvericiliyə nə dərəcədə uyğun olduğu sual altına düşür.
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, işçinin işə gecikməsinə görə əməkhaqqından tutulma yalnız müəyyən hüquqi şərtlər daxilində mümkündür:
“Bu cür tutulmaların tətbiqi, ilk növbədə, müəssisədə kollektiv əmək müqaviləsinin mövcudluğundan və həmin sənəddə bu barədə xüsusi müddəaların yer alıb-almamasından asılıdır. Əgər kollektiv əmək müqaviləsində işə gecikmə halları ilə bağlı konkret maliyyə sanksiyaları nəzərdə tutulubsa, o zaman həmin qaydalara uyğun şəkildə müəyyən tutulmalar tətbiq edilə bilər. Lakin belə bir müqavilə mövcud deyilsə, işə gecikməyə görə əməkhaqqından birbaşa pul tutulması qanunvericilik baxımından əsaslandırılmır. Bununla yanaşı, işə gecikmə halları intizam məsuliyyəti yaradır və işçiyə qarşı digər intizam tədbirləri görülə bilər. Məsələn, işçiyə töhmət, xəbərdarlıq və ya şiddətli töhmət verilə bilər. Əgər bu hal sistematik xarakter daşıyırsa, əmək qanunvericiliyinə uyğun olaraq işçinin əmək müqaviləsinə xitam verilməsi də mümkündür”.
Leyla Turan Demokrat.az


