Prezidentin sülh mükafatına layiq görülməsi ölkənin beynəlxalq arenada artan nüfuzunun göstəricisi kimi təqdim olunur. Bu cür təşəbbüslər həyata keçirilən siyasətin sabitlik və əməkdaşlığa verdiyi töhfə ilə əlaqələndirilir. Dövlət rəhbərinin regional və qlobal səviyyədə sülhə yönəlmiş addımları xüsusi vurğulanır.
Mövzu ilə bağlı deputat Elçin Mirzəbəyli Demokrat.az-a bildirib ki, “Sülh və Barışıq üçün Gernika mükafatı” sadəcə təltif deyil, XX əsrin ən faciəvi hadisələrindən birinin simvolik yaddaşı üzərində qurulmuş mənəvi-siyasi platformadır:
Onun sözlərinə görə bu mükafatın mahiyyətini və Prezident İlham Əliyevin ona layiq görülməsinin əhəmiyyətini anlamaq üçün əvvəlcə onun tarixi köklərinə nəzər salmaq vacibdir.
"Xatırladım ki, 1937-ci il aprelin 26-da İspaniyanın Gernika şəhəri Gernika bombalanması zamanı nasist Almaniyasının “Kondor legionu” tərəfindən yerlə-yeksan edilib. Bu hadisə müasir tarixdə mülki əhaliyə qarşı həyata keçirilmiş ilk kütləvi hava hücumlarından biri kimi yadda qalıb və sivilizasiyanın humanitar dəyərlərinə yönəlmiş ağır zərbə kimi qiymətləndirilib. Gernika faciəsi sonradan yalnız tarixi fakt kimi deyil, həm də müharibə cinayətlərinə qarşı qlobal etirazın simvoluna çevrilib. Bu xüsusda, Pablo Pikassonun həm də mükafatın simvoluna çevrilmiş “Gernika” (Guernica) əsəri ilə bu faciəni bəşəriyyətin yaddaşına həkk etdiyini də söyləyə bilərik.
Məhz bu tarixi yaddaş üzərində formalaşan “Gernika mükafatı” sülh, barışıq, dialoq və münaqişələrin dinc həllinə töhfə verən siyasi liderlərə və ictimai xadimlərə təqdim olunur".
Deputat deyib ki, mükafatın ideoloji yükü təkcə keçmişi xatırlatmaq deyil, həm də gələcək üçün məsuliyyət hissini gücləndirmək, sülhü, əməkdaşlığı təşviq etməkdir:
"Bu baxımdan, sözügedən mükafat eyni zamanda beynəlxalq münasibətlər sistemində humanist yanaşmanın təşviqinə xidmət edən mühüm amil kimi çıxış edir. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi bir neçə mühüm aspektdən dəyərləndirilməlidir. İlk növbədə, bu qərar Azərbaycanın post-münaqişə dövründə regionda dayanıqlı sülhün təmin olunması istiqamətində atdığı addımlar, ölkəmizin kommunikasiya xətlərinin açılması təşəbbüsləri və çoxtərəfli diplomatik platformalarda irəli sürdüyü konstruktiv təkliflər bu mükafatın verilməsini şərtləndirən əsas amillərdən biri kimi qiymətləndirilə bilər.
Digər tərəfdən, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra nümayiş etdirdiyi siyasi davranış modeli də bütün bəşəriyyət üçün nümunəvi və diqqətəlayiqdir. Müharibədən sonrakı mərhələdə reinteqrasiya və birgəyaşayış prinsiplərini önə çəkmək, regionda yeni əməkdaşlıq formatlarının təşviqi kimi addımlar Gernika fəlsəfəsinin, yəni dağıntıdan sonra barışığa aparan yolun əməli təzahürüdür. Diqqət çəkən məqamlardan biri də odur ki, Gernika mükafatı simvolik olaraq müharibənin dağıdıcı nəticələrini yaşamış xalqların təcrübəsini paylaşan liderlərə verilir. Azərbaycan da uzun illər işğalın, münaqişənin ağrılarını yaşamış bir ölkə kimi bu kontekstdə xüsusi yer tutur. Bu baxımdan, Prezident İlham Əliyevin təltif edilməsi həm də Azərbaycan dövlətinin keçdiyi mürəkkəb tarixi yolun beynəlxalq səviyyədə tanınması və yüksək dəyərləndirilməsi kimi qəbul oluna bilər.
“Sülh və Barışıq üçün Gernika mükafatı”nın Prezident İlham Əliyevə təqdim olunması təkcə diplomatik uğur deyil, həm də siyasi-mənəvi qələbənin, Azərbaycana məxsus yüksək humanizm dəyərlərinin, xalqımızın birgəyaşayış fəlsəfəsinin təntənəsidir. Bu mesaj ondan ibarətdir ki, münaqişələrdən çıxış yolu yalnız hərbi qələbə ilə deyil, həm də sonrakı mərhələdə qurulan sülh, dialoq və qarşılıqlı etimad mühiti ilə ölçülür. Azərbaycanın bu istiqamətdə nümayiş etdirdiyi yanaşma isə beynəlxalq səviyyədə getdikcə daha çox diqqət və dəstək qazanır", - deyə o bildirib.
Əfsanə Kamal Demokrat.az


