Xəbər verdiyimiz kimi, ABŞ-da Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı Donald Trampın da olduğu əraziyə silahlı hücum cəhdi böyük təşvişə səbəb olub. Hadisə yerində saxlanılan 31 yaşlı Koul Tomas Allenin (Cole Tomas Allen) keçmişi və ifadəsi ilə bağlı sarsıdıcı faktlar üzə çıxıb.
Demokrat.az xəbər verir ki, Vaşinqtonda baş tutan tədbirdə ABŞ-ın prezidenti Donald Trampın da olduğu vaxt təhlükəsizlik qüvvələri silahlı şəxsi zərərsizləşdirmək üçün dərhal müdaxilə edib. Qısa sürən atışmadan sonra hücumçu ələ keçirilib.
Hücumçu kimdir? - Mühəndis, proqramçı və müəllim...
Müstəntiqləri təəccübləndirən məqam hücumçunun yüksək intellektual səviyyəyə və karyeraya sahib olmasıdır. Kaliforniyanın Torrans şəhərində yaşayan 31 yaşlı Allenin profili belədir:
Təhsili: Dünyanın ən nüfuzlu universitetlərindən olan Kaliforniya Texnologiya İnstitutunun (Caltech) maşınqayırma mühəndisliyi məzunudur. Həmçinin kompüter elmləri üzrə magistr dərəcəsi var.
Peşəsi: Müstəqil video oyun tərtibatçısıdır və "Steam" platforması üçün layihələr hazırlayıb. O, eyni zamanda repetitorluq edərək tələbələri universitetə hazırlayırmış.
Uğurları: Universitet illərində yaşlıların təhlükəsizliyi üçün texnologiyalar, o cümlədən əlil arabaları üçün qəza əyləc sistemi prototipi hazırlayıb.
İfadəsi: "Tramp administrasiyasını vurmaq istədim"
Saxlanılan Koul Tomas Allen ilkin ifadəsində məqsədini gizlətməyib. O, "Tramp administrasiyasının rəsmilərini vurmaq istədiyini" etiraf edib. Lakin rəsmilər qeyd ediblər ki, o, birbaşa Donald Trampın adını çəkməyib, daha çox ümumi "idarəetmə heyəti" ifadəsindən istifadə edib.
Donald Trampdan ilk reaksiya
Hadisədən sonra açıqlama verən Donald Tramp Məxfi Xidmətin və hüquq-mühafizə orqanlarının işini yüksək qiymətləndirib:
"Olduqca gərgin bir axşam idi. Təhlükəsizlik qüvvələri möhtəşəm iş gördülər, sürətli və cəsarətli hərəkət etdilər. Silahlı hücumçu yaxalandı".
Tramp hücumun İranla əlaqəli olub-olmaması barədə suala isə qısa olaraq "Belə olduğunu düşünmürəm" cavabını verib.



Jalə Demokrat.az


