Hörmüz Boğazında sular yenidən bulanıb və tərəflər arasında gərginlik pik həddə çatıb. Minaların döşənməsi və gəmilərin ələ keçirilməsi bölgədəki atəşkəsi hər an poza biləcək təhlükəli vəziyyət yaradıb.
Demokrat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ordusuna Hörmüz Boğazında hər hansı təhlükəli fəaliyyətə qarşı birbaşa müdaxilə əmri verib. Tramp "Truth" platforması vasitəsilə yaydığı mesajda dəniz qüvvələrinin hərəkətə keçdiyini bildirib.
"ABŞ Donanmasına Hürmüz Boğazı sularına mina döşəyən istənilən qayığı, ölçüsündən asılı olmayaraq, vurub məhv etmək əmri verdim. Heç bir tərəddüd olmayacaq. Hazırda mina təmizləyən gəmilərimiz ərazidə işləyir və mən bu fəaliyyətin üç dəfə artırılmasını tapşırmışam", - deyə Ağ Ev rəhbəri vurğulayıb.
ABŞ mediasının yazdığına görə, boğazın tamamilə təmizlənməsi altı aya qədər çəkə bilər. Almaniya Donanması da bu prosesdə iştirak etmək üçün hazırlıqlara başlayıb. Bu arada ABŞ Müdafiə Nazirliyi sanksiya siyahısında olan və İran nefti daşıyan "M/T Majestic X" gəmisinə müdaxilə edərək onu blokadaya alıb.
İran tərəfi isə cavab addımı kimi iki yük gəmisini ələ keçirib. "MSC Francesca" və "Epaminondas" adlı gəmilərin naviqasiya sistemlərinə müdaxilə etdiyi və lazımi icazələri olmadığı iddia edilir. İran İnqilab Keşikçiləri Korpusu əməliyyatın görüntülərini paylaşaraq dənizdəki nəzarətin onlarda olduğunu nümayiş etdirib.
Digər tərəfdən, rəsmi Tehran iqtisadi təzyiq rıçaqlarını da dövriyyəyə salır. İran Parlamenti Hörmüz Boğazından keçən gəmilərdən ölkənin milli valyutası olan riyal ilə keçid haqqı alınmasını nəzərdə tutan qanun layihəsi hazırlayır. Parlament sədrinin müavini Həmid Rza Hacıbabai bildirib ki, İran boğaz üzərində tam suverenlik tələb edir və bütün gəmilər vergi ödəməlidir.
Ağ Evin sözçüsü Karoline Leavitt gəmilərin ələ keçirilməsini "dəniz quldurluğu" adlandırsa da, hədəf alınan gəmilərin ABŞ və ya İsrailə aid olmaması səbəbindən hələlik atəşkəsin pozulmadığı qənaətindədirlər.
Jalə Demokrat.az


