Kriminal Özəl

Kişi anasını söyən arvadını döydü — Evə içib gəlirdi...

Kişi anasını söyən arvadını döydü — Evə içib gəlirdi...

Qubada ailə münaqişəsi zamanı baş verən insident hər kəsi təəccübləndirib. Adi bir telefon zənginin bu dərəcədə şiddətə çevriləcəyini yəqin ki, heç kim gözləmirdi.

Demokrat.az xəbər verir ki, hadisə bu il yanvarın 14-də rayonun kəndlərinin birində qeydə alınıb. 1986-cı il təvəllüdlü Cəlil həmin gün axşam saatlarında yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Elnarəyə (adlar şərtidir) ağır zərbələr endirib. O, qadının sifət və bədəninin müxtəlif nahiyələrinə yumruqla vuraraq ona bədən xəsarətləri yetirib.

İş üzrə izahat verən Cəlil ona qarşı irəli sürülən ittihamla özünü tam təqsirli bilib. O, ifadəsində hadisənin təfərrüatını belə izah edib:

“Həmin gün saat 21 radələrində arvadım Elnarə Almaniyada yaşayan qardaşı Elnurla telefonla danışırdı. Danışıq zamanı qardaşı mənim rəhmətlik valideynlərimi təhqir etdi. Bu səbəbdən arvadım ilə aramızda mübahisə yarandı. Həmin vaxt əsəbləşərək əllərim ilə arvadımın bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona xəsarət yetirdim”.

Zərərçəkmiş Elnarənin sözlərinə görə, 2012-ci ildə Cəlil ilə ailə həyatı qurub: “Bu izdivacdan bizim dörd qız övladımız dünyaya gəlib. Münasibətlərimiz əvvəllər yaxşı olsa da, son zamanlar Cəlilin mütəmadi spirtli içki qəbul etməsi, sosial şəbəkələrdə əxlaqsız qadınlarla danışması bizim ailədə mübahisələrə səbəb olub”.

Zərərçəkmiş qeyd edib ki, yanvarın 14-də, saat 21 radələrində yaşadıqları evdə olarkən yenidən aralarında mübahisə yaranıb: “Ərim spirtli içkinin təsiri altında olduğu üçün sifət və bədənimin müxtəlif nahiyələrinə yumruqla vuraraq məni döydü”.

Zərərçəkmiş şəxs ifadəsinin sonunda əməli törətmiş şəxslə barışdığını bildirib, ona qarşı şikayəti olmadığını deyib.

Bu halları nəzərə alan hakim hökm çıxaran zaman Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova