Xidmət sektorunda etimad qazanmaq, xüsusilə də yüksək rəqabətlilik dövründə müştərinin məmnuniyyətini qorumaq çox önəmli məsələdir. Lakin bəzi hallarda qiymət şəffaflığı və xidmət keyfiyyəti ilə bağlı problemlərin hələ də qaldığını görürük. Müştəri şikayətinə görə, tanınmış restoranlar şəbəkəsi olan “Qoç Ət”in Nərimanov filialında qiymətlə bağlı narazılıq yaranıb. Belə ki, menyudan 5 manat 50 qəpiyə sifariş etdiyi lahmacun qəbzdə 8 manat 20 qəpiyə hesablanıb. Üstəlik məhsulun keyfiyyəti də ürəkaçan olmayıb. Müştəri bildirir ki, lahmacunun xəmiri normadan qalın olub və gözlənilən standartlara cavab verməyib.
Bununla bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, “Qoç Ət” restoranında baş vermiş bu hal menyudakı qiymətlə qəbz arasındakı fərq və xidmət keyfiyyətinin aşağı olması "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir: 
O qeyd edib ki, istehlakçıya keyfiyyətsiz qida məhsulu satılan halda, o, məhsulu keyfiyyətli məhsula dəyişdirə və ya məhsulun dəyərinin tam qaytarılmasını tələb edə bilər:
“Vətəndaş menyudakı qiymətin və verilən kassa çekinin fotosunu çəkməli, yerindəcə meneceri çağıraraq qanun pozuntusunu bildirməli və qiymət fərqinin aradan qaldırılmasını tələb etməlidir. Əgər restoran rəhbərliyi şikayəti təmin etmirsə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "195-1-4" Çağrı Mərkəzi vasitəsilə və ya rəsmi internet səhifəsində onlayn müraciət edə bilər. Həmçinin məhsulun keyfiyyəti və sanitar normalarla bağlı problem varsa, "1003" Çağrı Mərkəzinə məlumat verə bilər. İstehlakçının hüquqlarını pozan satıcılar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə oluna bilərlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, satışda olan malların (xidmətlərin) qiymət cədvəllərinin (menyuların) düzgün tərtib edilməməsinə görə 800 manatdan 1000 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Bundan başqa, xidmət göstərən şəxslər tərəfindən hesabda, habelə xidmətin keyfiyyətinə dair istehlakçıların aldadılmasına görə, fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 6000 manatadək məbləğdə cərimə oluna bilərlər”.
Leyla Turan Demokrat.az


