Kriminal Özəl

Masazırda şortik geyinən qadın dindar kişi tərəfindən döyüldü — Sənin yiyən yoxdur?

Masazırda şortik geyinən qadın dindar kişi tərəfindən döyüldü — Sənin yiyən yoxdur?

Abşeron rayonunda, Masazır qəsəbəsində, sakinlərin sıx olduğu yaşayış kompleksinin yaxınlığında gənc qadın döyülüb.

Demokrat.az xəbər verir ki, hadisə Yeni Bakı yaşayış kompleksi ərazisində qeydə alınıb. 26 yaşlı Tural marketin qarşısında tanımadığı qadına geyiminə görə irad bildirərək mübahisə yaradıb.

Sözlü mübahisə qısa müddətdə fiziki zorakılığa çevrilib. Təqsirləndirilən şəxs qadını təhqir edərək ona bədən xəsarətləri yetirib, saçından tutub yerə yıxaraq zərbələr endirib. Faktla bağlı saxlanılan gənc ifadəsində törətdiyi əməli etiraf edib. O, Bakıda doğulsa da, uzun illər Qazaxıstanda yaşadığını bildirib.

“Mənim əsas işim velosiped ramalarının onlayn qaydada satışı ilə məşğul olmaqdır. Həmçinin dindaram və təxminən 10 ildir ki, dinlə məşğulam”.

Təqsirləndirilən şəxs məlum hadisə ilə bağlı bildirib ki, 2025-ci ilin oktyabrın 2-də, saat 18 radələrində işini bitirib və yaşadığı evə qayıdan zaman Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində yerləşən marketin qarşısında tanımadığı bir qadının qısa şortik geyimində dayandığını görüb:

“Həmin qadının geyimini bəyənmədiyim üçün ona yaxınlaşdım və “Belə geyinmək olmaz, sənin yiyən yoxdurmu? Yiyəni çağır, onunla söhbət edim” deyə iradımı bildirdim. Bu zaman həmin qadın isə “geyimimdə nə var ki? Yiyəm özüməm” deyə cavab verdi. Sonradan adının Turanə olduğunu bildiyim qadın mübahisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirdi. Mən isə heç kimdən qorxmadığımı, kimə istəyirsə, şikayət edə biləcəyini söylədim”.

Turalın ifadəsinə görə, daha sonra qadın ona kişisənsə, burada gözləməyi tələb edib: “Turanə oradan uzaqlaşan zaman onun arxasınca qaçaraq qolundan və saçından tutdum, sifət, həmçinin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq onu yerə yıxdım. Daha sonra ətrafda olan şəxslər məni qadından ayırdılar. Mən hadisə yerindən uzaqlaşdım. Törətdiyim əməlindən peşmanam. Zərərçəkmiş şəxslə barışmışam”.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda barəsində amnistiya aktının tətbiq edilməsini, cəzadan azad olunmasını istəyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci maddəsi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olub və iş üzrə icraata xitam verilib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova