Türkiyə ərazisində baş verən ardıcıl faciələr təhlükəsizlik sistemlərinin effektivliyi və preventiv tədbirlərin yetərliliyi ilə bağlı sualları yenidən gündəmə gətirib. Əsas sual isə ondan ibarətdir ki, bu cür hadisələrin qarşısını almaq üçün hansı sistemli yanaşmalar tətbiq olunmalı, mövcud nəzarət mexanizmlərində hansı boşluqlar var və risklərin azaldılması necə təmin edilə bilər. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev bildirib ki, məktəblərdə tək giriş nöqtəsi olmalıdır ki, davamlı müşahidə və nəzarət keyfiyyətli şəkildə təmin olunsun.
"Məktəbə giriş vahid nöqtədən həyata keçirilməli, çantaların yoxlanılması və metal detektorlardan istifadə edilməlidir. Kənar şəxslər üçün ayrıca qeydiyyat sistemi tətbiq olunmalı və onların məktəb daxilində hərəkəti yalnız təyin olunmuş istiqamət üzrə müşayiətlə təmin edilməlidir. Silahlarla bağlı isə ev şəraitində ciddi təhlükəsizlik qaydaları olmalıdır. Silah və sursat saxlayan valideynlər və ya şəxslər üçün xüsusi seyflərin və kilidli saxlama sistemlərinin olması vacibdir. Silah və patronların ayrı-ayrı saxlanılması, uşaqların onlara çıxış imkanının tamamilə məhdudlaşdırılması üçün davamlı nəzarət mexanizmləri tətbiq edilməlidir. Bu sahədə valideyn məsuliyyətinin artırılması, inzibati və cinayət məsuliyyətinin gücləndirilməsi də nəzərə alınmalıdır".
Ekspert bildirib ki, riskli davranışların erkən aşkar edilməsi üçün müəllimlərə davranış indikatorları üzrə təlimlər keçirilməlidir.
"Tədris prosesində psixoloji dəyişikliklər və davranışında qeyri-adi hallar müşahidə olunan şagirdlərin vaxtında müəyyənləşdirilməsi təmin olunmalıdır. Şagirdlər üçün anonim məlumatvermə mexanizminin yaradılması da bu sistemin bir hissəsi ola bilər. Məktəbdə məktəb psixoloqunun aktiv rolu xüsusi əhəmiyyət daşıyır və o, şagirdlərlə davamlı şəkildə işləməlidir. Fiziki təhlükəsizlik baxımından isə müşahidə kameraları tam əhatəli olmalı, kor nöqtələrə yol verilməməlidir. Təhlükəsizlik əməkdaşları daim giriş zonasında olmalı və ərazini tərk etməməlidirlər".
Onun sözlərinə görə, sinif otaqlarının daxildən kilidlənə bilən qapılarla təmin olunması və fövqəladə hallarda tətbiq edilən lokdaun prosedurlarının hazırlanması da vacibdir.
"Müntəzəm təlimlər, təlim-məşqlər keçirilməli, polis və təcili tibbi yardım xidmətləri ilə birbaşa əlaqə mexanizmi qurulmalıdır. Bundan əlavə, risk əsaslı təhlükəsizlik auditi ən azı ildə bir dəfə aparılmalı, müxtəlif hadisə ssenariləri üzrə test və qiymətləndirmələr həyata keçirilməlidir".
Əfsanə Kamal Demokrat.az


