Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən paytaxtın Binəqədi rayonunda yerləşən istehsalat obyektində yoxlama aparılıb. M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 21 ünvanındakı mebel sexində yanğın təhlükəsizliyi ilə bağlı ciddi qanun pozuntuları müəyyən edilib.
Nazirliyin yaydığı məlumata görə, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi tam quraşdırılmayıb və yanğın su hovuzu inşa edilməyib.
Yoxlama zamanı elektrik təsərrüfatının mövcud qaydalara uyğun olmadığı, kabel və naqillərin müqavimətinin yoxlanılmadığı məlum olub. Binanın tavan və divarlarının yanar materiallarla üzlənməsi, taxta konstruksiyaların isə xüsusi odadavamlı məhlulla işlənilməməsi yanğın riskini artıran amillər kimi qeyd olunub. Bundan başqa, istehsalat sahəsində yanar materiallardan istifadə olunmaqla əlavə otaqların yaradıldığı, tikinti və yenidənqurma işlərinin müvafiq qurumla razılaşdırılmadığı üzə çıxıb.
Mövcud şəraitin hər an faciəyə səbəb ola biləcəyini nəzərə alan mütəxəssislər sexin fəaliyyətinin dayandırılması barədə qərar qəbul ediblər. Qərarın surəti icra olunması üçün obyekt rəhbərliyinə təqdim olunub.
Demokrat.az


