Siyasət Özəl

Paşinyanın Moskva sınağı: Rusiya Ermənistanı itirir?

Paşinyanın Moskva sınağı: Rusiya Ermənistanı itirir?

Məlum olduğu kimi, dünən Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutub. Görüşdə ikitərəfli münasibətlərin cari vəziyyəti və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub. Tərəflər iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirərək strateji sahələrdə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda Cənubi Qafqazda sabitliyin təmin olunması istiqamətində atılan addımlar və sülh prosesinin gedişatı ətrafında fikir mübadiləsi aparılıb.

Görüş ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Tofiq Abbasov deyib ki, seçki öncəsi dövr, şərait həmişə həssas olur:

“Bütün siyasi qruplar hamısı meydanda olur, hamısı öz “silahlarını” hazırlayır ki, onlardan istifadə etsin. Bu, Nikol Paşinyana da, Ermənistana da bütün ölkələrin hamısına aiddir. Dünənki danışıqlardakı verbal duel, yəni söz qarşıdurması demək olar ki, Paşinyanın xeyrinə bitdi. Çünki Paşinyan faktiki olaraq yeni bir şey icad etmədən məlum həqiqətləri sadəcə Vladimir Putinə dedi. Bunun üçün əlbəttə ki, cəsarət lazımdır, digər tərəfdən də başqa cür ola bilməz. Ermənistanın keçmiş rəhbərləri və rusiyapərəst qruplar hamısı geriyə dönüş etmək istəyirlər. Yəni onların istəyi ondan ibarətdir ki, Ermənistan dünənə qapı açsın və o qapıdan da hamısı keçid etsin və guya bu, onlar üçün çox əlverişli şərait yaratsın. Amma əslində belə deyil. Çünki faktiki olaraq keçmiş rəhbərlərlə başlayan və hakimiyyətə 2018-ci ildə gəldikdən sonra bir növ duman içində strateji xətt itirilib. İndiki şəraitdə artıq başa düşülür ki, Paşinyanın geriyə dönüşü ola bilməz. Yəni bu, Ermənistan üçün strateji məğlubiyyət deməkdir. Rusiya əgər açıq şəkildə Ermənistanın bu prosesdəki, seçkilərdəki proseslərə müdaxilə etməsə, bu, ən yaxşı yanaşma olar. Əks halda həm iğtişaşlar olacaq, həm də qarşıdurma artacaq. Ola bilsin ki, hökumət çevrilişi olsun, hər şey ola bilər”.

Politoloq bildirib ki, Rusiya özü də davranışını, bütün istiqamətlərini, o cümlədən Qafqaz siyasətini tənzimləməlidi:

"Yəni əgər Ermənistanı itirmək istəmirsə, onunla yeni münasibətlərə qədəm qoymalıdır. Təzyiqlə, imtina ilə, küsülülüklə bu proseslər artıq alınmır. Dünya dəyişib. Biz görürük ki, məsələn, ABŞ da İsrailin təsiri ilə İran istiqamətində hərəkət edir. Düzdür, İranın çox böyük itkiləri var, amma hər halda köhnə siyasət artıq keçərli deyil. O cümlədən, Rusiya da öz qonşuları ilə daha sağlam, daha dürüst və daha şəffaf münasibətlər qurmalıdır. O ki qaldı bu söz qarşıdurmasına, demək olar ki, burada hər iki vektorun öz yeri var. Bir tərəfdən Paşinyan bildirir ki, bizim işimizə qarışmayın, sizin “kuratorlarınız” bizə lazım deyil, xalq onları istəmir. Hər halda, seçkilərin nəticələri hər şeyi müəyyən edəcək. Digər tərəfdən isə Paşinyan gizlətmir ki, Avropa İttifaqına inteqrasiya etməkdə israrlıdır. Rusiya bunu bəyənmir, amma eyni zamanda özü də Ermənistanı bu yola gətirib çıxarıb. Təbii ki, burada Brüssel, Moskva, Ankara və hətta Tehran kimi mərkəzlərin hamısının maraqları var. Lazım olan odur ki, Ermənistan sabitliyi qoruyub saxlasın və seçkilər azad şəkildə keçirilsin. Bəlli olsun ki, elektorat nə istəyir və kimə daha çox etimad göstərir. Rusiya prezidenti bu ritorikadan məmnun qalmadı və qala da bilməzdi. Amma yanaşmalar dəyişməlidir - emosiyalarla deyil, reallığı adekvat qəbul etməklə. Ümumiyyətlə, Rusiyanın öz vəziyyəti də ideal deyil. Ukraynada proseslər davam edir, dünyada problemlər çoxdur. Neft qiymətlərinin artması müəyyən rahatlıq yaratsa da, bu, daimi deyil. Geosiyasi və geoiqtisadi şərait tez-tez dəyişir və buna görə də siyasi mərkəzlər çevik qərarlar verməlidirlər. Nəticə olaraq, əgər Nikol Paşinyan müstəqil siyasət kursunu davam etdirə və düzgün addımlar ata bilsə, onun qalib gəlmək ehtimalı var. Hər halda, bunu zaman göstərəcək”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova