Pekin və İslamabad Yaxın Şərqdə genişlənən gərginliyi dayandırmaq üçün birgə təşəbbüslə çıxış edib. Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar və çinli həmkarı Van Yi Pekində keçirilən görüşdə regiondakı vəziyyəti müzakirə ediblər. Tərəflər hərbi əməliyyatların dərhal dayandırılması və müharibənin miqyasının genişlənməməsi üçün beş bənddən ibarət sənəd qəbul ediblər.
Demokrat.az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, hər iki ölkə sülh danışıqlarına başlanılmasını və mülki əhalinin qorunmasını əsas şərt kimi irəli sürüb. Sənəddə hərbi əməliyyatların dayandırılması ilə yanaşı, dəniz yollarında təhlükəsizliyin təmin edilməsi və BMT nizamnaməsinə riayət olunması vacib hesab edilir.
Görüşdə İranın və digər körfəz ölkələrinin suverenliyinə, ərazi bütövlüyünə hörmət edilməsinin əhəmiyyəti vurğulanıb. Pekin və İslamabad mülki infrastruktura hücumların yolverilməz olduğunu bildirərək, humanitar yardımların bölgəyə maneəsiz çatdırılması üçün çağırış ediblər. Xüsusilə Hörmüz boğazından ticarət gəmilərinin keçid təhlükəsizliyinin qorunması tələbi də ortaq bəyanatda əksini tapıb.
Bu təşəbbüs ABŞ və İsrailin İrana hücumlarından sonra bölgədə sabitliyi bərpa etmək məqsədi daşıyır. Tərəflər diplomatik yolların münaqişənin həllində yeganə çıxış yolu olduğunu diqqətə çatdırıblar. Hazırda beynəlxalq ictimaiyyətin bu beş bəndlik plana verəcəyi reaksiya maraqla gözlənilir.
İslam Demokrat.az


