Sumqayıt şəhərində pul borcu üstündə yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 28-də baş verib. Qazax rayon sakini, 1976-cı il təvəllüdlü Səfər tanışı Vüqar (adlar şərtidir – red.) mübahisə edib. Mübahisə zamanı o, Vüqara xəsarət yetirib.
Səfərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Səfər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, Vüqar ondan məlum hadisədən bir ay öncə 50 manat borc pul alıb:
“Amma imkanı olmadığından pulu qaytara bilmədi. Mayın 28-də, saat 20:30-da Vüqar zəng edərək borcu qaytarmağını bildirdim. Vüqar pulu olmadığını bildirdi. Sonradan biz görüşdük. Borcu istəyəndə aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşdim, Vüqarın sol üz nahiyyəsinə və baş nahiyyəsinə yumruq zərbəsi vuraraq, ona xəsarət yetirdim”.
Məhkəmədə ifadə verən həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs bir-birləri ilə barışdıqlarını bildiriblər. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb, təqsirləndirilən şəxsi bağışlayıb. Təqsirləndirilən şəxs də zərərçəkimşə dəymiş ziyanı ödəyib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


