Kriminal Özəl

"Sən kimsən" sözünə görə qadın qonşusunun başına bel çırpdı

Sən kimsən sözünə görə qadın qonşusunun başına bel çırpdı

Kürdəmir rayonunda iki qadın arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1987-ci il təvəllüdlü Məryəm qonşusu, 1972-ci il təvəllüdlü Zəminə ilə mübahisə edib.

Onların arasında mübahisə Zəminənin yaşadığı evin həyətyanı sahəsində baş verib. Bu zaman Zəminə “sən kimsən, səndən icazə almalı deyiləm" deməsi səbəbindən aralarında mübahisə daha da qızışıb. Məryəm mübahisə zamanı əlində olan bel ilə Zəminənin baş nahiyəsinə bir dəfə vurub.

Məryəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Məryəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Kürdəmir rayonunun kəndində Zəminə ilə qonşuluqda yaşayır:

“Məlum hadisə günü, səhər saatlarında Zəminənin yaşadığı evin həyətyanı sahəsinin kənarında suvaq üçün nəzərdə tutulan torpaqdan bir vedrə yığdım və evə apararkən mənə yaxınlaşaraq öz iradımı bildirdim. Aramızda mübahisə yarandı. Əvvəlcə Zəminə əlindəki bellə mənim bel nahiyəmə, cavab olaraq mən də əlimdəki bellə onun baş nahiyəsinə qəsdən bir dəfə zərbə vurdum. Bundan sonra evimə getdim”.

Zərərçəkmiş Zəminənin sözlərinə görə, təqsirləndirilən Məryəm onun qonşusudur:

“Uşaqlarla bağlı əvvəllər mübahisələrimiz olduğu üçün münasibətlərimiz pozulub. Hazırkı hadisə ilə bağlı baş verən gün, saat 10 radələrində yaşadığım evin həyətyani sahəsində iş gördüm. Bu zaman iribuynuzlu heyvanların keçməməsi üçün qazdırdığımız arxın torpağını qazaraq Məryəmin aparmasını gördüm. Ona yaxınlaşdım və aramızda sözlə mübahisə olduğu zaman Zəminə əlində olan bel ilə bir dəfə baş nahiyəmə vurdu.

Zərbənin təsirindən özümdən gedərək yerə yıxıldım. Başımın qanamasını gördüm və qonşumuz Səidəni köməyə çağırdım. Səidə məni yaşadığım evə apardı, bu barədə polisə məlumat vermədim. Bundan bir neçə gün sonra istifadə etdiyimiz suyu Zəminənin qazları bulandırdığı üçün qazları həyətdən çölə çıxartdım. Bu zaman Zəminə və onun əri yaşadığım evə gələrək həyətdə səs-küy saldılar. Bundan sonra polisə şikayət etdim”.

Zərərçəkmiş qeyd edib ki, Zəminə ilə barışıb, ona qarşı heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edib, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs ilə barışdığını, onu bağışladığını deyib.

Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışması və zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova