Kriminal Özəl

Suşi sifarişi üstündə dava düşdü, bacısı ilə kobud danışan kuryeri döydü

Suşi sifarişi üstündə dava düşdü, bacısı ilə kobud danışan kuryeri döydü

Sumqayıt şəhərində 24 yaşlı oğlan bacısı ilə kobud danışan şəxsə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 20-ci məhəllə, İzzət Sadıxov küçəsində yerləşən “Delfino” restoranında baş verib.

2002-ci il təvəllüdlü Ruslan həmin restoranda işləyən Əli (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında baş vermiş mübahisə zamanı Əlini üz nahiyyəsinə ardıcıl zərbələr vurub, ona xəsarətlər yetirib.

Ruslanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Ruslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü, axşam saatlarında yaşadığı evdə olduğu zaman onunla eyni ünvanda yaşayan bacısı Nazilənin “Delfino” restoranından suşi sifariş verib:

“Həmin vaxt ona zəng edən kuryer heç bir səbəb olmadan bacıma səsini qaldıraraq kobud formada danışmağa başladı. Telefon mikrofonda olduğundan onların danışığını eşitdim. Telefonu bacımdan alaraq danışmaq istəyən zaman kuryer cavab verməyərək nömrəni qara siyahıya atdı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, məsələyə aydınlıq gətirmək məqsədilə “Delfino” restoranına gedib: “Orada bacımın telefonda kiminlə danışdığı şəxsin kim olduğunu soruşdu. İşçilər həmin şəxsə zəng edərək çağırdı. Mən kuryeri təklikdə söhbət etmək üçün kənara çəkdim. Aramızda söz mübahisəsi yarandı. Mübahisə zamanı əsəbləşərək əlim ilə onun sifət nahiyyəsinə zərbə vurdum. O, zərbənin təsirindən arxa-arxaya gedərək dayandı. Mübahisənin daha da böyüməməsi üçün oradan ayrılaraq evə getdim”. Təqsirləndirilən şəxs həmçinin bildirib ki, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyib və onunla barışıb.

Zərərçəkmiş Əli ifadəsində göstərib ki, şikayətçi olduğu Ruslanı əvvəllər tanımayıb: “Dörd ildir ki, kuryer fəaliyyəti ilə məşğulam. Məlum hadisə günü, axşam saatlarında restoranından suşi sifarişi aldım. Sifariş hazır olan zaman həmin nömrə ilə əlaqə saxladım, ünvanı dəqiqləşdirmək istədim. Cavab verən xanım heç bir səbəb olmadan mənimlə kobud danışdığı üçün ona irad bildirdim, artıq-əksik söz demədim. Problem yaranmaması üçün nömrəni qara siyahıya atdım, sifarişi tamamlamasını kuryer yoldaşımdan xahiş etdim”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, bir neçə dəqiqədən sonra restorandan işçi ona zəng edib və bir nəfər şəxsin onunla görüşmək istədiyini bildirib: “Mən də restoranın qarşısına gəldim və həmin şəxslə görüşdüm. Sonradan adını bildiyim Ruslan özünü sifariş verən xanımın qardaşı olduğunu bildirdi. Biz söhbət etmək üçün kənara çəkildik. Ərazidə aramızda mübahisə yarandı. Ruslan mənim sifət nahiyyəmə yumruq zərbəsi endirərək oradan uzaqlaşdı. Sonradan polis bölməsinə şikayət vermək qərarına gəldim. Daha sonra isə onunla barışmışam. Ruslan mənə dəymiş ziyanı ödəyib. Ona qarşı hər hansı şikayətim yoxdur”.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova