Novruz süfrəsinin ayrılmaz simvolları olan paxlava, şəkərbura və qoğalın hazırlanması uzun illər ərzində yalnız kulinariya mərasimi deyil, eyni zamanda ailələri bir araya gətirən xüsusi ənənə kimi qəbul olunub. Lakin son illərdə bu mərasim əvvəlki illərlə müqayisədə daha az görünür və xərclərin artması səbəbindən şirniyyatlar daha məhdud miqdarda hazırlanır.
Demokrat.az-ın məlumatına görə iqtisadçı Natiq Cəfərli globalinfo.az-a açıqlamasında bildirib ki, Novruz şirniyyatlarının sayının azalması və satışın zəifləməsi əsasən qiymət artımı ilə bağlıdır:
“Yağ və digər ərzaq məhsullarının qiyməti artıb. Ötən il ərzaq inflyasiyası təxminən 7 faizə çatmışdı. Bu ilin əvvəlindən isə ərzaq inflyasiyası daha da sürətlənib. Təkcə bu deyil, digər xərclər də artıb. Məsələn, daşınma xərcləri yüksəlib, dizel yanacağının qiyməti 10 faiz artıb. Bütün bu amillər sonda məhsul və xidmətlərin qiymətinə təsir edir. Nəticə etibarilə bu il Novruz şirniyyatlarının bahalaşması gözlənilən idi və hazırda artım açıq şəkildə müşahidə olunur”.
O həmçinin qeyd edib ki, satış sahəsində fəaliyyət göstərən şəxslər eyni zamanda alıcıdırlar:
“Bu sahədə fəaliyyət göstərən sahibkarlar, şirniyyat satışı ilə məşğul olanlar həm də bir alıcıdırlar. Ümumilikdə qiymətlər artdıqca onların xərcləri də yüksəlir. Bura kommunal xərclər və digər ödənişlər də daxildir. Belə olan halda qazandıqları vəsaiti başqa sahələrdə xərcləməli olurlar. Məsələn, şirniyyat satan şəxs ət alırsa və ətin qiyməti artırsa, o da məcbur qalır ki, öz məhsulunun qiymətini yüksəltsin. Proseslər bir-biri ilə sıx bağlıdır”.
Demokrat.az


