Kriminal Özəl

Azərbaycanda oğul atasının başında stəkan sındırdı

Azərbaycanda oğul atasının başında stəkan sındırdı

Ağdam rayonunda 1994-cü il təvəllüdlü Əlvan atası Məhərrəmə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, o, fərdi yaşayış evinin dəhlizində ailəsinin dağılmasına səbəb olmasını əsas gətirərək atası Məhərrəmlə mübahisə edib.

Masanın üzərindən götürdüyü stəkanı qəsdən atasına tərəf atıb. Stəkan Məhərrəmin baş nahiyəsinə dəyib və o, xəsarət alıb.

Əlvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Əlvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Əlvan ifadəsində göstərib ki, atası Məhərrəm və anası Rəhilə ilə birlikdə yaşayır: “Uzun müddətdir ki aramızda tez-tez ailədaxili münaqişələr baş verib. Buna səbəb odur ki, mənim ailəm dağılıb. Elə düşünmüşəm ki, ailəmin dağılmasına valideyinlərimin günahı olub. Lakin əslində bu belə deyil”.

Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, saat 22:30-da yaşadıqları evə həmişəki kimi sərxoş vəziyyətdə gəlib: “Atam həmin vaxtı dəhlizdə televizorun pultunu düzəldirdi. Bu zaman aramızda mübahisə yarandı. Mən əsəbiləşdiyimdən dəhlizdə olan masanın üzərində olan stəkanı götürdüm və atama tərəf atdım. Həmin stəkan atamın başının sağ nahiyəsinə dəydi. Atamın başı qanamağa başladı. Bundan sonra atam anam ilə birlikdə evdən çölə çıxdılar. Atam baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdi”.

Ağdam Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən xitam verilib.

Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən xitam verilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova