Siyasət

Rusiya İrana tibbi yardım göndərir — Azərbaycan ərazisindən keçəcək

Rusiya İrana tibbi yardım göndərir — Azərbaycan ərazisindən keçəcək

Rusiya Fövqəladə Hallar Nazirliyi Azərbaycan vasitəsilə tranzit olaraq İrana 13 ton tibbi yardım göndərməyi planlaşdırır.

Demokrat.az bildirir ki, bu barədə məlumatı TASS yayıb.

Humanitar yükün göndərilməsi Rusiya prezidenti Vladimir Putin və nazir Aleksandr Kurenkovun xüsusi göstərişi ilə həyata keçirilir.

Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.

Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.

Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.

Demokrat.az

NE
Nihadə Eyyubova