Kriminal Özəl

Enerji içkisindən sərxoş olub kafedə dava saldı — Qadını yumruqladı

Enerji içkisindən sərxoş olub kafedə dava saldı — Qadını yumruqladı

Biləsuvar rayonunda 1980-ci il təvəllüdlü Cəfər tanışı Əfsənəyə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 30 mart 2024-cü ildə Biləsuvar-Bəhramtəpə yolunun kənarında yerləşən ictimai yer hesab olunan kafedə baş verib.

Cəfər kafedə yemək yeyib spirtli içki qəbul etdikdən sonra mətbəxə keçib. O, Əfsənənin onu Biləsuvar rayonunda məcburi köçkünlərin yaşadığı qəsəbəyə aparmaq istəməməsini bəhanə edərək, heç bir səbəb olmadan ona nalayiq sözlər deyib.

Sonra Cəfər Əfsənəyə zor tətbiq edib, onu yumruq və sillə ilə bir neçə dəfə vuraraq xəsarət yetirib.

Daha sonra qərəzli hərəkətlərini davam etdirib, kafenin mətbəxində olan oranın sahibi Səmədə məxsus üzərində 120 manat dəyərində soyuducunu yerə aşıraraq zədələyib, həmçinin müxtəlif növ qabları sındırıb. Sahibkara ümumilikdə 455 manat məbləğində maddi ziyan vurub.

Cəfərin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Cəfər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Cəbrayıl rayonunun kəndində qeydiyyatda olmaqla Biləsuvar ərazisində məcburi köçkünləri üçün salınmış qəsəbədə yaşayır:

“Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb edilmişəm. 23 may 2024-cü ildə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Zərərçəkmiş Əfsəni əvvəlcədən tanıyıram. Aramızda şəxsi ədavət və qərzəçilik olmayıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin martın 30-da, saat 18 radələrində yaşadığı evdən çıxaraq yeyib içmək üçün Biləsuvar-Bəhrəmtəpə yolunun kənarında yerləşən kafeyə gedib:

"Kafeyə gedən zaman marketdən spirtli içki “GO”, 1 şüşə araq və 1 şüşə “Coca-cola” aldım. Kafeni işlədən əvvəlcədən tanıdığım Səmədlə bir masada əyləşdim. Təxminən 2 saata yaxın birlikdə yeyib-içdik. Yeyib içəndən sonra ondan taksi çağırmasını xahiş etdim. O, da “səbrli ol, indi taksi tapacam, səni aparacaq” dedi. Masada tək əyləşərək taksinin gəlməsini gözlədim. Həmin vaxt Səməd də mətbəxdə olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bir neçə dəqiqə sonra mətbəxdən Əfsənin səsini eşidib: “Səməd Əfsənəyə “burada bir adam var, içkilidir, onu apara bilərsən?” sözlərini dedi. Əfsanə isə “tanımıram kimdir, apara bilmərəm, taksi çağır aparsın” sözlərini dedi. Mən Əfsənin barəmdə xoşagəlməz söz dediyini fikirləşdim və anidən əsəbləşdim. Əyləşdiyim masadan qalxaraq kafenin mətbəxinə getdim. Həmin vaxt sərxoş vəziyyətdə olduğum üçün hadisələri tam xatırlamıram. Lakin Əfsəndən niyə barəmdə xoşagəlməz sözlər dediyini soruşdum. O, cavab vermədən üzərimə gələrək ağız nahiyəmdən bir dəfə yumruqla zərbə vurdu. Daha sonra bir neçə dəfə ona əlim ilə zərbə endirdim. Sonra mətbəxdə qab-qacaqları yerə vuraraq sındırdım. Həmin vaxt mətbəxin qapısının yanına qoyulmuş soyuducuya dəydim. Soyuducu yerə aşdı. Həmin vaxt sərxoş vəziyyətdə olduğum üçün bundan sonra olan hadisələri xatırlaya bilmirəm”.

Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Cəfər 7 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib.

Protestdə göstərilib ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir.

"Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib, hazırkı cinayət əməlini isə həmin hökmdən əvvəl törədib. Bu halda məhkəmə özünün təyin etdiyi cəzaya Nəsimi Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanı Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən toplamalı olduğu halda, düzgün olmayaraq həmin məcəllənin 67.1-ci maddəsinə əsasən birləşdirib” – deyə protestdə qeyd olunub.

Dövlət ittihamçısı apellyasiya baxışı zamanı çıxışında apellyasiya protestinin təmin edilməsini xahiş edib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə protest təmin edilib.

Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən təyin edilmiş cəza Nəsimi Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli hökmü ilə birləşdirilib. Ona təyin edilmiş 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından əvvəllər həbsdə axlanıldığı iki gün dörd günə bərabər olaraq çıxılıb. Onun üzərində qəti olaraq 6 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova