Sosial

Tahir Kərimli: “Deputatların “Millət vəkili” ifadəsindən xoşu gəlir”

Tahir Kərimli: “Deputatların “Millət vəkili” ifadəsindən xoşu gəlir”

“Xatırlayıram, 1995-ci ildə Konstitusiya layihəsinin sonuncu müzakirəsi idi, mərhum Heydər Əliyevin təklifi ilə parlamentin üzvlərinin "Millət vəkili", yoxsa "Deputat" adlandırılması məsələsi müzakirə olundu. Deputatların bəziləri təklif etdilər ki, “Deputat” deyil, “Millət vəkili” ifadəsindən istifadə edilsin. Çoxluq, o cümlədən Rəsul Quliyev dedi ki, hər şeydə özümüzü türkiyəlilərə niyə oxşatmalıyıq, “Deputat” ifadəsi ənənəyə uyğundur. Təbii ki, Azərbaycanda "Millət vəkili" ifadəsinin işlədilməsinə Türkiyə türkcəsinin təsiri var”.

Demokrat.azxəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

T.Kərimli qeyd edib ki, deputatların da “Millət vəkili” ifadəsindən xoşu gəlir, ona görə də bu ifadəyə daha çox meydan verilir, amma doğrudan da, rəsmi status deputatdır, Konstitusiyada da, “Deputatın statusu haqqında” qanunda da “Millət vəkili” ifadəsi yoxdur, “Deputat” sözü işlədilir: “Yəni vəzifəmizin adı Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. “Millət vəkili” ifadəsindən rəsmi istifadə üçün yalnız Konstitusiyaya dəyişiklik edilməlidir. Bütövlükdə isə hər iki söz əcnəbidir. Gələcəkdə bununla bağlı dəyişiklik edilə bilər”.

Xatırlatma: Vəkillər Kollegiyasının sədri Anar Bağırov Vəkillər Kollegiyasının sədri Anar Bağırov Milli Məclisin deputatlarının "Millət vəkili" adlandırılmasına etiraz edib: “Azərbaycanda vəkillər müddətsiz seçilir, vəkillər insanların hüquq və azadlıqlarını peşəkarcasına müdafiə edirlər. Ona görə də qanunvericiliyə görə istisnasız və müstəsna olaraq yalnız və yalnız Vəkillər Kollegiyasının üzvləri vəkil adlanır, bu müqəddəs ad yalnız onlara aiddir. Heç kim inciməsin, ancaq əsl vəkillərin kimliyi qanunla müəyyən olunub. Parlamentin seçilən üzvləri qanunla deputat adlanırlar, onlara dair qanunvericilikdə vəkil sözü işlədilmir və bunu hər kəs dərk etməlidir”.

Demokrat.az

D
demokrat.az